Yoluxmanın artmasında günahkar kimdir? - KORONAVİRUS / SORĞU

 10:20 21.06.2020     2807

Azərbaycanda və dünyada koronavirus bəlası höküm sürür. Görülən tədbirlərə baxmayaraq, virusun yayılmasının qarşısını almaq mümkün olmur.

Bəs, ölkəmizdə yoluxma sayının artmasına səbəbi nədir? Vətəndaşların məsuliyyətsizliyi, yoxsa düzgün olmayan qərarlar?

Redaktor.az sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirərək, bu suala cavab tapmağa çalışıb.

Sorğunun nəticələrini təqdim edirik:

Leyla Səfərova: Vətəndaşların virusun varlığına şübhə ilə yanaşması yoluxma sayını artırır.  

Sail Ağasəlim: Nə qədər ki, “virus varsa, maska taxsam da yoluxacam” deyənlər var, vəziyyət ağır olaraq qalacaq.

Vüqar Hüseyn Həsənli: Virusa yoluxanların sayının artmasının səbəbi mənasız və analiz edilməmiş qərarlardır.

Rahil Sayadoğlu: Virusa yoluxmanın səbəbi vətəndaş məsuliyətsizliyidir. Virusla bağlı xəbər paylaşırsan, kütləvi şəkildə ələ salırlar. Belə inamsız cəmiyyət təhlükə ilə üz-üzədir və daha bərbad nəticələr ola bilər.

Gülşən Şərif: “Tutar qatıq, tutmaz ayran” prinsipiylə qəbul olunan qərarlar.

Nihat Piriyev: Məsuliyyətsizlik və inamsızlıq. Ölkə mediası gündəlik yoluxma və ölüm sayını elan edəndə vətandaş bunu gülüş, rişxənd və lağla qarşılayırsa, heç nəyin mənası yoxdur.

Qərarlara gəlincə, lazımı qədər tədbir və önləmələr edilib və edilir. Amma aydın məsələdir ki, dünyanın dizini bükən bu virus Azərbaycan üçün 25-30-la kifayətlənə bilməzdi. Və elə də oldu.

Gülşən Musayeva: Bakıda mərkəzi küçələri, kafe və restoranları müşahidə edib, insanların virusa qarşı nə qədər laqeyd olduğunu görə bilərik.

Səadət Rəhimova: Verilən hər bir qərar insanların sağlamlığı və yaxşılığı üçün nəzərdə tutulub. Lakin vətəndaşların qayda pozmaları vəziyyəti bu yerə gətirib çıxardır.

Turan Rzayev: İstənilən halda vətəndaşlar qaydalara və karantin rejiminin tələblərinə əməl etməlidir. Onlar başa düşməlidir ki, mövcud problem fərdi deyil, bütün cəmiyyətin problemidir. Lakin problemin həlli məsələyə fərdi yanaşmaqdan keçir. İnsan ilk növbədə özü karantin rejiminin tələblərinə riayət etsə, mövcud vəziyyət tez bir zamanda aradan qalxar.

Qaydalar isə sadəcə insanların sağlamlığını qorumaq üçündür. Heç bir ölkə səbəbsiz yerə vətəndaşlarını evdə saxlayıb, iqtisadiyyatını baltalamaz.

Mahir Ələkbərov / Redaktor.az