Bizi hansı təhlükə gözləyir? - KÜRÜN SUYU QURUYUR

 15:29 30.06.2020     1720

Kür çayında suyun səviyyəsi kəskin aşağı düşüb. Çayın bəzi  hissələrində sulu yatağın eni 4-5 m-ə qədər azalıb. Çay yatağı boyunca ölçülərini tez-tez dəyişən uzunsov adalar əmələ gəlib. Bəzi yerlərdə çay yatağının akkumulyativ sahilləri tamamilə sudan azad olub. Kür çayında suyun azalması ilə adaların əmələ gəlməsi və ya yatağın quru hissələrinin genişlənməsi prosesi Sabirabad rayonunda və həmçinin Araz çayının yatağında da müşahidə edilib.

Bəs, Kür çayında suyun səviyyəsinin artırılması ilə bağlı hansı tədbirlər görülür? 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Mətbuat katibi Dilqəm Şərifov Redaktor.az-a bildirib ki, Kür çayında suyun səviyyəsinin kəskin azalması iqlim dəyişikliyi ilə bağlıdır:

"Qlobal istiləşmə gedir və bizdə də çayların, ümumiyyətlə suyun 70 faizi kənardan formalaşır. Yəni, biz transsərhəd çayların hesabına su təminatını həyata keçiririk. 30 faiz isə daxildə dağ çaylarının, yağıntıların hesabına formalaşır. Kür çayı mənbəyini Türkiyə və Gürcüstandan götürür. Çayın bolsululuğunun səbəblərindən biri də qar örtüyüdür. Qar örtüyü çox olmalıdır ki, bolsululuq təmin olunsun. Həm Türkiyədə, həm də Gürcüstanda ilbəil quraqlıq əmələ gəlir. Qar örtüyü azalır və çayın səviyyəsi aşağı düşür. Hazırda suvarma ilə bağlı Kür çayında ciddi problem yoxdur. Belə ki, Kür çayı üzərində bizim üzən nasos stansiyalarımız var. Həmin nasos stansiyalarının suyu soran borularının uzadılması və  Kür çayı üzərindəki nasos stansoyualarının yerini dəyişməklə çalışırıq ki, suvarmada problem yaranmasın. Doğrudur, bu əlavə enerji sərfiyyatıdır, amma istəmərik ki, fermerlərin əkdiyi məhsul məhv olsun".

İTV-dən çıxarılan redaktora yeni vəzifə verildi

Dilqəm Şərifov qeyd edib ki, Mingəçevir su anbarında da suyun səviyyəsi ötən illə müqayisədə aşağı düşüb. Lakin bu məsələ ilə bağlı tədbirlər görülməkdədir:

"Mingəçevir su anbarında ötən illə müqayisədə suyun səviyyəsi aşağıdır. 2018-ci illə 2019-cu ilin müqayisəsində ölkəmizə daxil olan suyun həcmində 4 milyard kub metr azalma var. Əgər bütün su anbarlarında suyun miqdarı 21 milyard kub metr idisə, 4 milyard kub metr azalma ciddi bir rəqəmdir. Ümumilikdə burada su üç istiqamətdə sərf olunur: suvarma, enerji təchizatı və içməli su təminatı. Su anbarından Kür çayına suyun verilməsi mümkün qədər həyata keçirilir. Sadəcə olaraq, orda da suyun həcmi çox olmadığı üçün həddindən artıq suyun verilməsi mümkün deyil. Bunun nəzərə alınmasını istəyərdik. Prezident İlham Əliyev aprel ayında “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb və Baş Nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə komissiya yaradılıb. Həmin komissiyaya mühüm qurumlar cəlb olunub. Və hər bir qurum məsələ ilə bağlı öz təklifini irəli sürüb. Meliorasiya və Su Təsərrüfatı ASC də proqram təklif edib, quraqlıq, ümumiyyətlə suvarma məsələlərində mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı hansı tədbirlər görülə bilər. Həmin proqram  “Azərbacyan Respublikasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin inkişafına dair 2020-2030-cu illər üzrə” Dövlət Proqramıdır. Həmçinin, komissiyanın tələbinə uyğun olaraq, qısa layihələr də təqdim olunub ki, son 3-5 il ərzində hansı işləri görmək olar. Həmin qısa layihələrdən biri də “Suvarma suyundan səmərəli istifadə edilməsinə və su itkilərinə qarşı ilkin mübarizə tədbirləri haqqında” Dövlət Proqramıdır.  Bu məsələ ölkə rəhbərinin diqqətindədir və bununla bağlı işlər görülür". 

Sevda Ulutau / Redaktor.az