“Azərsu”dan Bakıdakı üfunət iyi ilə bağlı AÇIQLAMA

 18:40 07.07.2020     792

Böyük Şor gölünün ətrafında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus kanalizasiya infrastrukturundan gölə tullantı suları axıdılmır.

Redaktor.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib. 

Onun sözlərinə görə, mövcud şəbəkə ilə toplanan sular yaxınlıqdakı 4 saylı nasos stansiyası vasitəsilə Hövsan Aerasiya Stansiyasina yönəldilir və təmizləndikdən sonra kənarlaşdırılır:

"Amma gölün ətrafında açıq kanallarla fərdi evlərdən, eləcə də qeyri-əhali abonentlərindən və sənaye müəssisələrindən gölə tullantı və sənaye sularının birbaşa axıdılması faktları mövcuddur. Mütəxəssislərimiz ərazidə araşdırma aparıblar və məlum olub ki, 2 gün əvvəl yanğın baş vermiş "Sobsan" boya fabrikinin tullantı suları da birbaşa Böyük Şor gölünə tökülür. Mütəxəssislərimizin araşdırması zamanı gölün üzərində yaşıl təbəqə aşkarlanıb. Aidiyyəti qurumların mütəxəssisləri ərazidə araşdırma aparır və göldə iy-qoxunun nədən yarandığına aydınlıq gətiriləcək".