Bərdə sakini şikayət etdi, nazirlik hərəkətə keçdi - FOTO

 22:20 09.07.2020     612

Sosial şəbəkə səhifələrindən birində yayılan görüntülərdə Bərdə rayon sakini Xəlilova Kəklik Adil qızının övladına - Xəlilova Aynur Zakir qızına əlillik təyin olunmasından imtina edilməsinə görə narazılıq bildirməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları vətəndaşın ünvanında olub, məsələni yerində araşdırıblar.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı ƏƏSMN İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov verib.

O bildirib ki, hazırda K. Xəlilovanın böyük qızı A. Xəlilova I qrup əlilliyi olan şəxsdir və buna görə ailəyə aylıq 300 manat (əlilliyə görə 150 manat müavinət və Prezidentin aylıq təqaüdü kimi 100 manat təqaüd, habelə həmin şəxsə qulluğa görə 50 manat təqaüd) ödənilir.

“K. Xəlilovanın kiçik qızı A.Xəlilova da 2 noyabr 2017-ci il tarixədək sağlamlıq imkanları məhdud şəxs kimi müavinət və təqaüdlə (ümumilikdə aylıq 200 manat) təmin olunub. A. Xəlilovanın sağlamlıq imkanları məhdudluq müddəti bitdiyi üçün 200 manatlıq sosial ödənişlər dayandırılıb.

2018-ci ilin dekabr ayında A. Xəlilovanın əlilliyinin qiymətləndirilməsi üçün səhiyyə müəssisəsindən elektron sistemə daxil olmuş göndəriş (Forma 88) natamamlıq doldurulduğu (o cümlədən, müayinənin səthi yazılması, onurğanın əyilmə bucağının qeyd edilməməsi, travmotoloq ortoped ağırlaşmanı təsdiq etməməsi) üçün imtina cavabı verilib. Məlumat üçün bir daha qeyd edim ki, Nazirliyin müvafiq ekspertləri xəstənin vəziyyətini əyani deyil, səhiyyə müəssisəsinin göndərişində qeyd edilənlər əsasında qiymətləndirir. Bundan sonrakı il yarım ərzində onunla bağlı e-sistemə göndəriş daxil edilməyib.

K. Xəlilovaya kiçik qızının əlilliyinin qiymətləndirilməsi üçün yenidən müraciət etmək hüququnun olduğu bildirilib. Gələn həftə A. Xəlilovanın əlilliyinin qiymətləndirilməsi üçün səhiyyə müəssiəsindən elektron sistemə göndəriş daxil edilməsi üçün müvafiq kömək göstəriləcək, onun əlilliyinin yenidən qiymətləndirilməsi aparılacaq.

Bununla yanaşı, K. Xəlilovaya ailəsinin ünvanlı dövlət sosial yardımı üçün müraciət edə biləcəyi də bildirilib, bununla bağlı qanunvericilik izah edilib”, - deyə açıqlamada qeyd edilib.

22