Ucuz qiymətə ev almaq istəyənlər üçün fürsət - EKSPERT RƏYİ
"Koronavirusun başladığı aylardan daşınmaz əmlak sektorunun alışı və satışında müəyyən ləngimələr oldu. Xüsusilə bu, kirayə və mənzil satışı bazarına təsir edib. Hazırda hər iki bazarda ciddi durğunluq yaşanır".
Bu sözləri Redaktor.az-a açıqlamasında daşınmaz əmlak eksperti Elnur Azadov deyib. O bildirib ki, durğunluq əsasən Bakının mərkəz ərazilərində yerləşən mənzillərdə hiss olunur:
“Ötən il Bakıda 350 manatdan aşağı kirayə mənzil tapmaq olmurdusa, indi daha aşağı qiymətə ev tapmaq mümkündür. Çünki pandemiyaya görə ali məktəblər bağalanıb və kirayə qalan tələbələr də evlərinə qayıdıb. Həmçinin, rayondan Bakıya işləməyə gələn şəxslərin də bir çoxu geri qayıdıb. Bütün bunlar kirayə bazarında qiymətlərin aşağı düşməsinə səbəb olub”.
Ekspert tikinti şirkətlərinin mənzilləri satmaq üçün müəyyən endirimlər etdiyini bildirib:
“Mənzil satışı bazarında şirkətlər tərəfindən müəyyən endirimlər olunur. Düzdür, endirimlərdən yararlanmaq istəyən alıcıların sayı azdır, amma hər bir halda bu, ev almaq istəyən şəxslər üçün bir şansdır.
Amma onu da deyim ki, əvvəllər bir çox insan nisbətən şəhərin mərkəzinə üstünlük verirdisə, indi daha çox ətraf ərazilərə, həyət evlərinə üstünlük verirlər. Hazırda demək olar ki, illər boyu satılmayan bağ evləri, villalar daha çox satılır və kirayə verilir”.
E. Azadov ticarət obyektlərinin icarəsində də endirimlərin olduğunu bildirib:
“Bəzi obeykt sahibləri icarə haqqını 30 faizə qədər endirib. Çünki obyekt icarəsində ciddi şəkildə durğunluq var. Obyekt icarə etmək istəyənlər karantin rejimi ilə əlaqədar olaraq gözləmə rejimindədilər. Çünki, mövcud vəziyyətlə əlaqədar bir çox müəsisələr bağlıdır”.
Mahir Xəttab / Redaktor.az












