Lənkəranlı gənclərə onlayn kiçik biznes təlimi keçirilib - FOTO
BMqT-nin Azərbaycan nümayəndəliyi 6-11 iyul tarixləri aralığında Lənkəran rayonundan seçilmiş gənclər üçün onlayn kiçik biznes təlimi keçirib. Təlim Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində baş tutub.
Redaktor.az xəbər verir ki, mart ayının ortalarında Lənkəran şəhərində keçirilməli olan təlim COVID-19 pandemiyası səbəbindən 6 gün yarım müddətində onlayn rejimə uyğunlaşdırılıb. Bütün iştirakçıların, xüsusən təsərrüfat işləri ilə məşğul olan xanımların iştirak etməsi üçün təlim axşam saat 4-8 aralığına təyin edilib.
Təlimin ümumi məqsədi region gəncləri arasında özünüməşğulluğun artırılmasına töhfə verməkdir. Təlimdə ictimaiyyətə açıq olan onlayn müraciət əsasında seçilmiş 19 nəfər gənc (9 xanım, 10 kişi) iştirak edib.
Təlim zamanı iştirakçılar mikro biznes fəaliyyəti, eləcə də onun ölkədə təşkili və idarə olunması haqda biliklərini zənginləşdiriblər. Onlar həmçinin, biznes planının hazırlanması ilə tanış olub, öz planlarını təqdim etmək şansı qazanıblar. Təlimin sonunda seçilmiş biznes ideyalara əlavə dəstək göstəriləcək.
Layihə region gənclərinə mikro biznes idieyalarını həyata keçirmək üçün geniş imkan verməklə pandemiyanın gənclərə və yerli icmalara sosial-iqtisadi təsirlərinin minimuma endirilməsinə kömək edəcək.