Döyüş bölgəsində işləyən jurnalistlərlə bağlı VACİB XƏBƏR

 10:55 16.07.2020     1525

İnformasiya müharibəsinin əsas döyüşçüləri media nümayəndələridir. Bunun üçün müharibə şəraitində jurnalistlər necə davranmaq lazım olduğunu yaxşı bilməli, dövlətin informasiya təhlükəsizliyini qorumaq üçün yaydıqları hər bir məlumatla bağlı diqqətli olmalıdırlar.  

Hazırda vəziyyətlə əlaqədar olaraq bir sıra müxbirlər cəbhə xəttindədirlər və müəyyən vaxtlarda həmin ərazilərdən canlı bağlantı yaradırlar. Canlı bağlantı və yaxud çəkiliş zamanı müxbirlər nələrə diqqət etməlidirlər?

“Konflikt jurnalistikası məktəbi”nin qurucusu Əlisafa Mehdiyev Redaktor.az-a bildirib ki, jurnalistlər döyüş ərazilərində çəkiliş etdikləri zaman bir sıra məqamlara diqqət etməlidirlər:

“Müxbirin əli ilə təxminən bir neçə kilometr məsafədən kəndi göstərməsi ciddi şəkildə təhlükədir. Çünki üfüq görünür və  həmin dəqiqə düşmən bilir ki, bu kənd hansı kənddir, çəkiliş harada aparılır. Bu, qətiyyən yolverilməzdir".

Ə. Mehdiyev həmçinin qeyd edib ki, hazırkı vəziyyət üçün ən yaxşısı hərbi jurnalistlərin səfərbər olunmasıdır:

"Hər il Müdafiə Nazirliyinin bazasında 20-yə yaxın jurnalistə hərbi təlimlər keçirik. Yaxşı olar ki, Müdafiə Nazirliyi onların bazasında təlim keçən bir qrup jurnalisti səfərbər etsin və bundan sonra yerlərdən standartlara uyğun olan informasiyanı ötürsünlər. Tövsiyyə edərdim ki, kütləvi informasiya vasitələri həmin ixtisaslaşmış müxbirlərlə əlaqə saxlasın və lazımi informasiyanı onlar vasitəsilə əldə etsinlər".

Sevda Ulutau / Redaktor.az