Bölgədəki jurnalistlər kaska və zirehli jilet geyinməlidir - MÜDAFİƏ NAZİRLİYİ

 14:11 16.07.2020     1405

Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlayan döyüşlərlə bağlı əraziyə bir sıra jurnalistlər ezam olunub. Onların təhlükəsizliyinin qorunması da vacib məsələlərdəndir. 

Bəs, jurnalistlərin təhlükəsizliyi necə təmin edilməlidir? 

“Konflikt jurnalistikası məktəbi”nin qurucusu Əlisafa Mehdiyev Redaktor.az-a bildirib ki, jurnalistlər ilk növbədə mülki şəxslərdən fərqlənməlidirlər:

"Birinci növbədə jurnalislərin əynində "Press" yazılmış jilet olmalıdır.  Çünki jurnalistlər mülki şəxslərdən və hərbçilərdən  fərqlənməlidirlər. Bu onların təhlükəsizliyi baxımından önəmlidir. Kaska və zirehli jilet məsələsinə gəldikdə, əgər jurnalist bu geyimlərdən istifadə etmirsə, o, özünü qorumur. Müharibə zonasına ezam edilmiş jurnalistlər zirehli geyimlərlə təmin olunmalıdırlar".

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı isə bildirib ki, media nümayəndələrini qoruyucu geyimlərlə media qurumları özləri təmin etməlidirlər: 

"Dünya praktikasında belə qəbul olunub ki, münaqişə bölgəsinə ezam olunan KİV nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların fərdi qoruyucu vasitələrlə təmin olunması, həmin media orqanı tərəfindən həyata keçirilməlidir. Yəni, zirehli dəbilqə və gödəkçə ezam edən tərəfdən təqdim olunur. Əks halda onlar ezamiyyətə göndərilmir".

Sevda Ulutau / Redaktor.az