Bakı metrosu niyə bağlı qaldı? - AÇIQLAMA

 06:55 18.07.2020     638

Avqustun 5-dək davam edəcək sərt karantin rejimi dövründə Bakı metropoliteninin bağlı qalması məsələsinə aydınlıq gətirilib.

Redaktor.az xəbər verir ki, AzTv-də yayımlanan “Hədəf" verilişində danışan Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ictimai nəqliyyatla bağlı məhdudiyyətlərin səbəbini belə izah edib:

“Məhdudiyyətlərə əsasən, Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti tamamilə və xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Qarşıdan gələn uzadılma dövründə də ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Bakı metropoliteninə gəldikdə, metronun fəaliyyətinin dayandırılması bilavasitə onunla əlaqədardır ki, texniki parametrlər və qaydalar onunla əsaslandırılır ki, metro qapalı məkandır və şaxta prinsipi əsasında fəaliyyət göstərir. Onun ventilyasiya sistemi də mərkəzləşmiş qaydadadır. Ventilyasiya sisteminə virusun düşdüyü halda bütün sistemi yoluxdura bilər. Sonra isə hava hərəkəti vasitəsilə digər məntəqələrə yayılmasını asanlaşdıra bilər.

Bu, təkcə Azərbaycanda deyil, digər ölkələrdə də koronavirusa qarşı mübarizə çərçivəsində ictimai nəqliyyata tətbiq olunan məhdudiyyətlər sırasında ilk metropolitenə tətbiq olunur”.