Azərbaycanda təhlükəli məlumat yayılır? - Bu insanlara DİQQƏT! / VİDEO

 23:34 28.07.2020     8278

Son günlər müxtəlif sosial şəbəkələrdə " Azərbaycanlı qəhrəman öz ölkəsinə kömək etməklə həbsxanaya düşmək riski ilə üzləşib", "Bunu paylaşdıqdan sonra onun azad olunacağına heç kəs əmin deyil" və bu tipli başlıqlarla paylaşılan şəkillərlə tez-tez qarşılaşırıq. Yazılan başlıqlar kimi, seçilən insan şəkilləri də diqqət çəkir. 

Sual yaranır ki, bu adam ölkəsinə görə nə edib ki, həbsxanaya düşmək riski ilə üzləşib? İnsanı maraq bürüyür, linkə daxil oluruq, amma  qeyri-ciddi məzmunla üzləşirik.

Öncə bu görüntüləri izləyin!

Bu cür şəkillər və məlumatlarda insan şüuruna təsir edən təxribat xarakterli informasiyalar yerləşdirilə bilərmi? 

Tanınmış fotoqraf Vüqar İbadov Redaktor.az-a bildirib ki, videolarda 25-ci kadr olduğu kimi, şəkillərdə də aldatma manevrləri yaratmaq mümkündür:

"Qəbul etmək lazımdır ki, düşmən cəbhəsi informasiya müharibəsində bizdən öndədir. Onların "Türkologiya İnstitutu" var və türkdilli kurslar geniş yayılıb. Onların genində, qanında belə bir şey var ki, "türk bizim düşmənimizdir və türkün dilini öyrənib, ona öz dilində zərbə vurmaq lazımdır". Onlarda ideologiya tamam fərqlidir və olduqca radikaldır. Müxtəlif fotolar hazırlayırlar və bu fotoların üzərində işləyirlər. Məsələn aprel döyüşlərində Suriyadakı məsciddə baş vermiş hadisədə ölmüş insanların şəkillərini elə düəltmişdilər ki, sanki bu Azərbaycanda baş verib. Azərbaycanla bağlı yalan məlumatları bizim öz dilimizdə rahat şəkildə yayımlaya bilirlər. Amma biz bu cür şeyləri edə bilmirik. Çünki bizdə informasiya müharibəsini aparacaq institut yoxdur. Hələ də yarada bilməmişik. Tovuz döyüşləri zamanı da saxta şəkillərdən istifadə etmişdilər. Guya bizim artileriya erməni kəndlərinə atəş açıb. O şəkillər "Fotoshop" idi və baxanda bilmək olurdu ki, bu şəkillərin o əraziyə ümumiyyətlə aidiyyatı yoxdur".

Bəs, 25-ci kadr həyatımıza necə təsir göstərir? 

Xəzər Universitetinin müəllimi, klinik-psixoloq Nilufər Əlizadə Redaktor.az-a bildirib ki, şüuraltı insan həyatının 90 faizini idarə etmək gücünə malikdir. Şüuraltına yeridilən informasiyalar insan həyatına ciddi şəkildə təsir göstərə bilir:  

"Bir saniyə ərzində insan gözü yalnız 24 kadrı tuta bilir. Əgər görüntüyə 25-ci kadr yerləşdirilibsə, insan şüurlu şəkildə onu dərk edə bilmədiyi üçün həmin informasiya şüurlatına yerləşir. Şüuraltı isə insanın həyatının 90 faizini idarə edir. Şüuraltında olan travmalar, hər hansı hadisə, fakt və ya emosional hiss orda qalır və bizim xəbərimiz olmadan beynimizi idarə etməyə başlayır. Hazırda bu üsuldan çox geniş istifadə olunur".

Klinik-psixoloq qeyd edib ki, informasiyanın çoxluğu və insanların sosial mediada daim hərəkətdə olması da şüuraltına hədsiz dərəcədə informasiya ötürməyə şərait yaradır: 

"Gün ərzində beyin və gözün xüsusi bir tutumu var. Bu tutumdan artıq informasiya qəbul olunduqda, beyin onu  şüurlu şəkildə analiz edə bilmir və bu informasiyalar avtomatik olaraq şüuraltımıza yerləşir. Bu müsbət də ola bilər, mənfi də. Bizim nəzartimizdə deyil. Şüuraltı nə qədər müsbət informasiyalarla yüklənsə, həyatımız da daim pozitivə doğru yönələcək. Halbuki əksərən insanlar neqativ düşüncələri görür və mənfiyə köklənir. Bu da davamlı olaraq mənfi hadisələrin baş verməsi ilə bağlıdır. Xüsusən COVID-19 və müharibə dönəmində insanların bir-birilərinə qarşı aqressiyası hədsiz dərəcədə artıb.

Karantin rejiminin psixoloji təsirləri - Psixoloqdan açıqlama

Biz “Facebook”da hər hansı məlumatı oxumaq istəmirik və ötürürük. Düşünürük ki, bunu görmürük və fikir vermirik. Lakin bu belə deyil. Gözümüz hər bir kadr tutur və istənilən informasiyanı götürür. Bu zaman biz informasiyanı şüurlu şəkildə analiz  etmədiyimiz üçün həmin informasiyalar şüuraltına otuzdurulur. Həyatımızın tamamilə gözləmədiyimiz bir hissəsində fərqində olmadan gəlib qarşımıza çıxır  və artıq biz seçimlərimizi şüuraltımızda olan hadisələr əsasında neqativ və ya pozitiv şəkildə həyata keçiririk. Beləliklə həyatımızın 90 faizi şüuraltımızda yatan faktlar əsasında idarə olunur".

Sevda Ulutau / Redaktor.az