Avtobuslarda sıxlıq: Virus yayılır, BNA-a isə... - BÖYÜK TƏHLÜKƏ!

 11:29 27.07.2020     3843

Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən xüsusi karantin rejiminin yumşaldılmasından sonra avtobuslarda sıxlıq müşahidə edilir.

İctimai nəqliyyatdan istifadə edən vətəndaşlar sıxlıqla bağlı sosial şəbəkələrdə yazıb, Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən narazılıq ediblər. Onlar xüsusilə bu gün səhər saatlarında 165 nömrəli avtobusda sıxlıq yaşandığını bildiriblər.

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Agentliyin mətbuat katibi Mais Ağayev bildirib ki, bu gün müəyyən xətlərdə sərnişin sıxlığı müşahidə olunub:

“Hər gün səhər və axşam pik saatlarında biz də bunun şahidi oluruq. Çünki gündəlik olaraq BNA rəhbərliyi və şəxsən sədr özü ərazidə vəziyyətlə yerində tanış olur.

Həmçinin, hazırda sərnişindaşımaları yalnız ictimai nəqliyyatın bir növü olan avtobuslarla yerinə yetirilir. Müntəzəm xətlərlə yanaşı əlavə 7 sayda ekspres xətt fəaliyyət göstərir. Bütün xətlər üzrə gündəlik təxminən 2000-ə yaxın avtobus xəttə buraxılır. Hər gün yüzlərlə əməkdaş sərnişindaşımalarının təşkilinə cəlb olunur. Səhər və axşam pik saatlarında İdarə Heyətinin sədri və üzvləri müxtəlif ərazilərdə olur, vəziyyətlə yerində tanış olurlar. Bakı Nəqliyyat Agentliyi bütün səy və qüvvəsini pandemiya şəraitində sərnişindaşımaların təşkilinə yönəldib”.

Görüntünün olası içeriği: 1 kişi, oturuyor

M. Ağayev hər gün sərnişinlərin sayının artdığını bildirib:

“Hər ötən gün gündəlik sərnişin-səfər sayında artım qeydə alınır. Aprel-may aylarında tətbiq olunan karantin rejimi ilə indiki vəziyyəti müqayisə etsək 15-20 % artım var. Sərnişin təlabatını qarşılamaq üçün daşıyıcılarla iş aparılır, onlara rəsmi xəbərdarlıq olunub ki, gündəlik xəttə çıxan avtobus sayı azaldılmasın. Bunun nəticəsidir ki, adi yay rejimi ilə müqayisədə bu gün xəttə 20% çox avtobus çıxarılır.

Lakin bəzi daşıyıcılar tərəfindən qoyulan tapşırıqlara əməl olunmaması halları da var. Bunlar bizə də məlumdur. 165 nömrəli marşrutda olduğu kimi. Bununla əlaqədar bir neçə dəfə daşıyıcı şirkət "Çinar-Trans" MMC-nin rəhbəri İsmayıl Hüseynova xəbərdarlıq olunub. Avtobusların sayının pandemiya şərtlərinə uyğun tənzimlənməsi ilə bağlı tapşırıq verilib. Ən son ötən həftə analoji vəziyyətlə bağlı izahatı alınıb. Ümumilikdə bildirim ki, bu xətt sərnişinlərin daha çox narazı qaldığı xətlərdəndir. Təbii ki, əgər daşıyıcı üzərinə düşən vəzifə borcunu düzgün icra etmirsə və sərnişindaşıma qaydalarına uyğun olmayan formada işini qurursa, mütləq şəkildə daşımalardan kənarlaşdırılmalıdır. Ən son 11, 24 və 30 nömrəli xətlər üzrə bu addım atılıb. Bizim üçün önəmli olan sərnişinlərimizin rahatlığıdır”, - deyə M. Ağayev bildirib.

Mahir Xəttab \ Redaktor.az