Bakıda əl qumbaraları və partladıcılar tapıldı

 17:22 27.07.2020     663

İyulun 27-də saat 10:36-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Redaktor.az-a bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ərazidə məcburi köçkünlər üçün tikilməkdə olan yaşayış sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 4 ədəd F-1 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 5 ədəd UZRQM partladıcısı və 1 ədəd partlamış UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbaralarının və partladıcıların ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.