AZAL niyə bahalı klinikların testlərini qəbul edir? - ARAŞDIRMA

 17:16 29.07.2020     1337

Xaricə getmək istəyən vətəndaşlardan koronavirus testi vermək tələb olunur. Lakin testlər hər xəstəxanadan qəbul edilmir. Bunun üçün Bakının qiymətlərinə görə ən öndəgedən özəl klinikaları siyahıya salınıb. Testlərin qiyməti azı 95 manatdan başlayır. Bu isə insanlarda ciddi narazılıq yaradır. Pulu olmayan, amma test verməli olan insanlar çətin duruma düşürlər. 

Məsələ necə həll olunmalıdır? Digər klinikalarda verilən testlər niyə qəbul olunmur?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Redaktor.az-a  bildirib ki, TƏBİB hər hansı labaroitoriyanı seçmir:

"TƏBİB hər hansı laboratoriyanı seçməyib və hansısa siyahıya salmayıb. AZAL-da qəbul edilən test nəticələrindən söhbət gedirsə, bu Operativ Qərargah tərəfindən tövsiyə edilən laboratoriyalardır".

Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, tibbi sahənin AZAL-a heç bir aidiyyatı yoxdur:  

"Biz tibb müəssisəsi deyilik, aviaşirkətik. Hər bir reysdə TƏBİB-in nümayəndələri olur və testləri onlar qəbul edirlər və ya qəbul etmirlər. Xaricə gedənlər, eyni zamanda xaricdən gələnlər Səhiyyə Nazirliyinin tövsiyə etdiyi labaratoriya və klinikalarda testdən keçməlidirlər. Biz öz tərəfimizdən qeyd edirik ki, Səhiyyə Nazirliyinin, TƏBİB tərəfindən tövsiyə edilən klinikalar bunlardır".

Tibbi ekspert Adil Qeybulla məsələ ilə bağlı qeyd edib ki, koronavirus testlərinin pulsuz olması daha yaxşı olardı:

"Yaxşı olardı ki, koronavirus testlərinin verilməsi istər özəl, istərsə də dövlət xəstəxanalarında dövlət hesabına həyata keçirilsin. Çünki xəstələrin aşkar olunması ilə bağlı kütləvi test tətbiqi dünyanın əksər ölkələrində var. Bizdə də gərək elə olardı. Fikrimcə, bütün COVİD-19 testləri dövlət hesabına olmaldır. Ən azı müəyyən bir paket çərçivəsində həyata keçirilə bilər".

Sevda Ulutau/ Redaktor.az