Millət vəkillərinin maaş kartında nə qədər pul var? - VİDEO
Bir neçə gün əvvəl Milli Məclisin deputatı Erkin Qədirli aylıq gəlirini və maaşı hara xərcləməsi ilə bağlı mətbuata açıqlama verib.
Qeyd edək ki, millət vəkilinin gəlirlərini açıqlaması Azərbaycanda ilk dəfədir baş verir.
Redaktor.az Milli Məcilisin bir neçə deputatı ilə əlaqə saxlayaraq, Erkin Qədirlinin sözügedən addımına münasibət öyrənməyə çalışıb.
Millət vəkili Elman Nəsirov həmkarının addımını təqdir etdiyini bildirib:
“Erkin Qədirlinin hesabatını elə mənim hesabatım kimi qeyd edə bilərsiniz. Biz ikimiz də elm adamlarıyıq, biznesmen deyilik. Mən dəfələrlə insanlara yardım etmişəm, xüsusi ilə karantin dönəmində daha çox insana köməy etməyə çalışdım”.
Elman Nəsirov avtomobili və maaş kartındakı vəsaitdən də bəhs edib.
Millət vəkili Fazil Musatafa bu məsələyə xüsusi bir münasibətinin olmadığını bildirib:
“Nə deyə bilərəm?! Bu, şəxsi məsələdir və istənilən insan öz maliyyə hesabatını açıqlaya bilər. Qanunvericilikdə bunun məcburi olması ilə bağlı hər hansı müddia yoxdur. Erkin Qədirli açıqlayırsa, bu, onun şəxsi seçimi və istəyidir.
Amma mən buna gərək görmürəm. Dükandan neeçə çörək aldığımı, hansı yeməyi yediyimi və s. niyə açıqlamalıym? Bunun ictimai-siyasi fəaliyyətimə nə adiyyəti var? Mənim açıqlayacağım hesabat ancaq cəmiyət və seçicilərim üçün gördüyüm işlərdir, bunun da hesabatını vaxtlı-vaxtında verirəm”.
Aydın Mirzəzadə həmkarının bu adımını seçicilər qarşısında hesabatın yeni forması olduğunu bildirib:
“Təxminən bütün deputatlar eyni miqdarda maaş alır və hər birimiz bu maaşdan öz xərclərimizlə yanaşı, bəzi seçicilərimizin də ehtiyaclarına sərf edirik.
Bir çox deputatlar ailəlidir, onların aylıq xərcləri də çoxdir. Yəqin ki, Erkin Qədirli subay olduğu üçün maaş kartında bu qədər vasait yığılıb. Amma evli həmkarlarım kartda o qədər vəsait saxlaya bilmir.
Hazırda mənim kartımda sadəcə bir aya yetəcək qədər vəsait var. Nəzərə alın ki, biz bir ay maaş almayacağıq”.
Azər Badamov isə həmkarının öz əmək haqqını hara xərcləməsinin onun şəxsi işi olduğunu bildirib:
“Kimsə bütün millət vəkilləri əmək haqlarının xərclənməsinin hesabatını verməlidir deyirsə, bunu düzgün hesab etmirəm. Onda bütün vətəndaşlar aldıqları əmək haqlarının hesabatını verməlidir? Bu harda yazılıb? Əmək haqqı hər bir şəxsin gördüyü əməyin pul ifadəsində aldığı ödənişidir və onun xərcləməsində də sərbəstdir”.
Millət vəkili bildirib ki, hər bir deputatlığa namizəd seçkiyə qatılanda gəlirlər bəyannaməsi təqdim edir:
“Millət vəkilinə deputatlıq fəaliyyətindən başqa hər hansı gəlir qazanacaq işlə məşğul olmasına qanun icazə vermir. Deputatın gəliri ancaq əmək haqqı üzərində formalaşır. Əmək haqqı hər bir şəxsin şəxsi istehlakının təminatı üçün verilir. Biz millət vəkilləri isə aldığımız əmək haqqımızdan həm şəxsi istehlakımıza xərcləyirik, həm də bizə müraciət edən ehtiyacı olan insanlara imkanımız çərçivəsində yardım göstəririk”.
Millət vəkili Kamal Cəfərov isə hazırda istirahət günü olduğunu bildirərək, suala cavab verməkdən imtina etdi.
Mahir Xəttab \ Redaktor.az












