Masazır küçələri zibillə doludur... - Bələdiyyə nə işlə məşğuldur?! / FOTO

 17:46 10.08.2020     1551

"Son zamanlar küçələrimizdə üfunət iyindən dayanmaq mümkün deyil. Buna səbəb isə həftələrlə zibillərin ərazidən daşınmamasıdır. Masazır Bələdiyyəsinin əməkdaşları hər ay qapı-qapı düşüb 4 manat yığırlar ki, zibili evinizin yanından həftədə 3 dəfə aparacağıq. Lakin iki həftədir nə gələn var, nə gedən".

Bu sözləri Redaktor.az-a Abşeron rayonu Masazır kənd sakini Əliyev Vüsal Əlisahib oğlu Nizami, R. Dünyamalıyev və H. Cavid küçələrində zibil tullantılarının təmizlənməməsi ilə bağlı şikayətində deyib. O bildirib ki, dəfələrlə Bələdiyyəyə müraciət etsələr də, tədbir görülməyib.

Məsələ ilə bağlı Masazır Bələdiyyəsi ilə əlaqə saxlamağa çalışsaq da, telefonlara cavab verən olmadı.

Masazır kənd İcra nümayəndəliyinin aparıcı mütəxəsisi Fəridə Rzayeva saytımıza açıqlamasnda məsələnin araşdırılacağını və qısa zamanda ərazidən zibillərin təmizlənəcəyini bildirib:

“Bizə bu gün Fail Həsənov küçəsi ilə bağlı şikayət daxil oldu və dərhal həmin küçədə olan zibillər ərazidən təmizləndi. Lakin qeyd etdiyiniz küçələrlə bağlı şikayət daxil olmayıb. Sakinlərdən xahiş edirik Bələdiyyə ilə yanaşı bizə də öz şikayətlərini bildirsinlər.

Düzdür, Bələdiyyənin maşınlarının nasaz və az sayda olması bir az problemlər yaradır, amma ümumilikdə əlimizdən gələn qədər vətəndaşlara xidmət göstərməyə çalışırıq”.

Mahir Xəttab / Redaktor.az 

2