“Uşaqpulu” ilə bağlı AÇIQLAMA: 7-8 yaşadək...

 09:19 18.08.2020     1052

Azərbaycanda uşaqpulunun verilməsi ilə bağlı müzakirələr reallaşa bilər.

Redaktor.az xəbər verir ki, bu məlumatı "Sputnik Azərbaycan”a açıqlamasında Millin Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov söyləyib. O, bildirib ki, hazırda bu məsələ Milli Məclisdə müzakirə mərhələsindədir:

"Belə bir fikir var ki, ünvanlı dövlət sosial yardımı və digər yardımlar verilir. Ona görə də, uşaqpulu verilməsə də olar. Amma elə müavinətlər var ki. onları verməmək də olar. Uşaqpulu isə mütləq verilməlidir. Ünvanlı dövlət sosial yardımı bütün ehtiyacı olan ailələri əhatə etmir. Bununla bağlı müəyyən çatışmazlıqlar var. Ünvanlı sosial yardımın verilməsi ilə bağlı insanlardan çoxlu şikayətlər daxil olur".

Deputat deyib ki, artıq uşaqpulunun verilməsi ilə bağlı Milli Məclisdə komissiya yaradılılb:

"Biz həmişə bu məsələni gündəmdə saxlamışıq. Çalışacağıq ki, uşaqpulu ilə bağlı müzakirələr müsbət həllini tapsın. Amma bu təkcə bizimlə bağlı olan məsələ də deyil. Uşaqpulu məsələsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də hesablamalar aparır. Onlar aztəminatlı ailələrdə uşaqlara verilən yardımları əsas gətirirlər. Ünvanllı yardımın verilməsi yaxşıdır. Amma nəzərə almaq lazımdır ki, ünvanlı yardım birinə düşür, birinə düşmür. Biz rayonlarda qəbulda olanda da bunu görürük ki, ünvanlı yardımı ala bilməyən, amma ehtiyacı olan nə qədər ailələr var".

V. Əhmədov uşaqpulunun verilməsində yaş məsələsinin müzakirə olunduğunu bildirib. O, deyib ki, bəzi təklilərdə uşaq pulunun əvvəlcə 7-8 yaşadək, sonra 17-18 yaşınadək verilməsi müzakirə olunur: "Bu dövlətin büdcəsindən, imkanından asılı olan məsələdir" - deyə deputat əlavə edib.

Ermənistan atəşkəsi 30 dəfə pozdu - Müdafiə Nazirliyi

 09:24 18.08.2020     2061

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Mərkəzi Bankın valyuta məzənnələri - BU GÜN

 09:21 18.08.2020     2460

Azərbaycan Mərkəzi Bankı 18 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Redaktor.az-a verilən məlumata görə, avqustun 18-də olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0219 manat təşkil edir. 1 türk lirəsi 0.2302 manat, 1 rus rublu 0.0231, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5542 manatdır.

Müğənni canlı yayım edərkən faciəvi şəkildə öldü - VİDEO

 15:15 18.08.2020     2622

29 yaşlı müğənni faciəvi şəkildə ölüb.

Redaktor.az xəbər verir ki, rumıniyalı pop müğənni Tavy Pustiu sosial şəbəkə hesabında canlı yayım edərkən avtomobil qəzasına düşüb.

Gənc ifaçı xanımı ilə birlikdə avtombillə gedərkən canlı yayım açan zaman məsuliyyətsizliyinin qurbanı olub. Belə ki, avtomobili ilə ətrafa nəzər salmadan dəmir yolu relslərinin üzərindən keçən müğənni qatarın gəldiyini görməyib və qəza nəticəsində ölüb.

Onun xanımı qatarın altında qalan avtomobildən sağ çıxsa da, müğənninin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, müğənninin ömrünün son saniyələri kameraya düşüb və izləyiciləri canlı olaraq izləyiblər. //Milli.az