Bu, Azərbaycanda koronavirusdan daha çox yayılır - TƏHLÜKƏ VAR!

 10:38 28.08.2020     2597

Bu yaxınlarda Hindistanda ölkə rəhbərliyi “TikTok”u qadağan etdi. Qeyd etmək lazımdır ki, “TikTok” istifadəçilərinin sayı 2018-ci ilin yanvar ayında 55 milyon olduğu halda, bu ilin iyul ayında 689 milyona çatıb. “TikTok”da gənclərin çəkdiyi videolar cəmiyyətdə birmənalı qarşılanmır.

Bu barədə Redaktor.az-a danışan jurnalist Pərviz Hüseyn bildirib ki, “TikTok”-un Azərbaycanda yayılmasına səbəbkar elə ilk növbədə Hindistan oldu:

“Özləri qurtuldu, amma biz bu bəlanın cəngindəyik. Hindistandan yayılan “TikTok” videolarının Çinin Uhan şəhərində yayılan koronavirusa bənzərliyi çoxdur. Necə ki, Uhanda artıq hovuz partiləri edilir, biz isə karantindən çıxa bilmirik. Hazırkı “TikTok” vəziyyətimiz də buna bənzərdir. “TikTok”da nadir hallarda 60-70 yaşlı azərbaycanlılara rastlasaq da, burada ən çox gün keçirən 30 və üzəri yaşda olan qadınlardır. Onlar əsasən hansısa bayağı musiqiyə rəqs edir, yaxud sevgi şeiri deməyə cəhd edir, hansısa mahnıya ağzını “dərbəşdirərək” videolar hazırlayırlar. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu videolara 30 min, hətta 100-dən çox baxış sayı olur”. 

Həmkarımızın sözlərinə görə, yeniyetmə və gənclər arasında isə vəziyyət daha da acınacaqlıdır:

“Onlar arasında siqaretdən tutmuş, “Vorovskoy aləm”ə, pedofiliyanın təbliğinə xidmət edən paylaşımlar daha çox üstünlük təşkil edir. 13-14 yaşlı qızlar və oğlanlar Hindistan filmlərindən və videolarından bəhrələnərək sevgili, dost xəyanəti, ailədaxili münaqişə və s. mövzularda qısa paylaşımlar edirlər. Bunların içərisində şiddət, öldürmə və digər hadisələrə bəraət də yer alır. Onların bu videoları digər sosial şəbəkələrdə müzakirə olunur. Belə məzmunsuz, bəzən qeyri-etik və normal olmayan paylaşımlar tənqid obyektinə çevirilir. Xüsusilə 18 yaşadək olan qızların seksual xarakterli videolar çəkməsi diqqətdən yayınmır. 14-15 yaşlı oğlanların “at oynatdığı” “TikTok”da onlara qahmar çıxanlar da az deyil. Bunlardan bir neçəsi isə son aylar sosial media reklamlarını gücləndirən enerji içkiləridir.

Bütün dünyada yerində və dadında olan əyləncəli videolar çəkildiyi halda, ölkəmizdə daha çox bayağı paylaşımların olması üzücüdür. Bu da kütlənin daha çox kitaba, elmə, digər faydalı nəsnələrə yox, səviyyə yoxsulu mahnılara, heç bir məna ifadə etməyən məşğuliyyətlərə müraciət etməsinin sübutudur. “TikTok”da çox nadir hallarda maraqlı və maarifləndirici kontentlərə rast gəlmək olar ki, bu da samanlıqda iynə axtarmaq kimi bir şeydir. Arzu edək ki, samanlığı sel aparsın, ya da yel...”, - deyə, Pərviz Hüseyn bildirib.

Prodüsser və aparıcı Humay Muxtarovanın qızı Nuray Muxtarova da “TikTok”da izlənmə sayı çox olan istifadəçilərdəndir.

Bu mövzuda valideyn olaraq mövqeyini bölüşən Humay Muxtarova da “TikTok”un bağlanılmasının tərəfdarlarındandır. O, videolarda qızların oğlan kimi təsbeh fırlatmasının, narkomaniyanın təbliğinin tam əleyhinə olduğunu qeyd edib:

“Mənim övladımın “TikTok”a həvəsi var və az-çox da tanınır. Səmimi deyəcəm, ordakı videolarda elə məqamlara toxunurlar ki, mən qızıma onları qadağan etmişəm. Dövlət siyasətinə zidd olan,  gənclərə pis təbliğ olunan, maarifləndirici olmayan video çəkilişləri qızıma icazə vermirəm. Övladım hər nə qədər “TikTok”da məşhur olsa da, “TikTok”un bağlanılması ilə bağlı qərar qəbul olunsa, mən də razı olaram”.

Qızım digər tiktokerlər kimi ordan pul əldə etmir. Nuray daha çox İnstaqramdan qazanır. O, bunu sadəcə hobbi olaraq görür. Ali məktəbə imtahan verib. Ümid edirik ki, yaxşı nəticəylə hamımızı sevindirəcək. Ana-bala razılığa gəlmişik ki, universitetə qəbul olduqdan sonra bunlar sıradan çıxmalıdı”, - deyə, Humay Muxtarova əlavə edib.

Nuranə Daxilqızı / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən