Azərbaycanda əhalinin təbii artım əmsalı artıb

 01:18 01.09.2020     717

Azərbaycanda əhalinin sayının artmasına baxmayaraq, son illər ərzində təbii artım əmsalı getdikcə azalırdı. Lakin ötən il ərzində ölkə əhalisinin təbii artım səviyyəsində nisbətən yüksəlmə baş verib.

Redaktor.az-ın məlumatına görə, 2019-cu ildə Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən təbii artım əmsalı 8,7 (85263 nəfər) olub. 2018-ci illə müqayisədə çox olmasına baxmayaraq, bu əmsal 2014-2017-ci illərlə müqayisədə azdır.

2014-cü ildə Azərbaycanda əhalinin artım əmsalı 12,2 (əhali sayı 114 855 nəfər artıb) olduğu halda, 2015-ci ildə bu göstərici 11,7-ə (111 513 nəfər), 2016-cı ildə 10,6-a (102 816 nəfər), 2017-ci ildə 8,9-a (86 932 nəfər), 2018-ci ildə 8,4-ə (81 732 nəfər) enib.

Son 29 ildə Azərbaycanda əhalinin ən yüksək təbii artım əmsalı 1990-cı ildə qeydə alınıb. Həmin ildə Azərbaycanda əhalinin təbii artım sayı 140 170 nəfər olub.

Qeyd edək ki, BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaq. Əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunub ki, növbəti illərdə təbii artım nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcək.

Sentyabrın 10-dan sahibkarlara növbəti yardımlar veriləcək

 13:01 01.09.2020     887

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramları çərçivəsində vəsaitlərin köçürülməsi davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqına 2-ci dəfə maliyyə dəstəyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, birinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait almış və işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayı əsas götürülməklə bir aylıq əməkhaqqı fondu həcmində göstərilir. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində vergi ödəyicilərinin yenidən müraciət etmələrinə ehtiyac yoxdur və vəsaitlər avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödənilir.

Avqust ayında yeni maliyyə dəstəyi çərcivəsində 234.355 muzdlu işçini əhatə edən 22.885 vergi ödəyicisinə 51.939,4 min manat vəsait ödənilib. Maliyyə dəstəyi proqramının ikinci mərhələsində ödənişlə əhatə olunmuş muzdlu işçilərin sayı birinci mərhələdə vəsait almış muzdlu işçilərin sayından 18.245 nəfər çoxdur ki, bu da şəffaflaşdırma nəticəsində əmək müqavilələri bağlamış işçi saylarının artması ilə əlaqədardır. İkinci maliyyə dəstəyi çərcivəsində avqust ayında 49.887 fərdi (mikro) sahibkara 12.471,8 min manat birdəfəlik maliyyə dəstəyi göstərilib.

Sentyabr ayının 10-da sonra ikinci maliyyə dəstəyi proqramı çərçivəsində sahibkarların muzdlu işçilərinə ödənilməli vəsaitlərin növbəti hissəsinin köçürülməsinə başlanacaqdır.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Ətraflı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3c7VAAt

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/2VlICZ7