Bakıda taksilərin qiyməti bahalaşacaq? - YENİLİKLƏR...

 13:10 02.09.2020     1546

Bildiyimiz kimi, Bakı Nəqliyyat Agentliyi (BNA) taksi minik avtomobilləri ilə bağlı konsepsiya hazırlayıb. Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi, eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

İctimaiyyət tərəfindən birmənalı qarşılanmayan qərar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov da öz narazılığını bildirib.

O, qeyd edib ki, taksi tarifləri və vahid dispetçer yaradılması ilə bağlı konsepsiya dünya ölkələrindən bəhrələnərək hazırlansa da, bu üsul sadəcə əksər ölkələrdə belədir:

“Vahid dispetçer və taksi tarifi hər ölkədə yoxdur. Dünya ölkələrində taksi tarifləri sərbəstdir. Ölkəmizdə də bu qaydanın tətbiqi doğru deyil. Azərbaycanda vətəndaşlar taksi xidmətinin fəaliyyətindən razıdır. Çünki qiymətlər liberaldır və kənar bir qüvvənin, quumun müdaxiləsi olmadan bazar iqtisadiyyatının tələbinə uyğun olaraq çox yaxşı taksi strukturu yaranıb. Həmçinin, burda rəqabətlilik də qorunur. Bu gün taksi tarifləri kilometrə görə 30-50 qəpik civarında dəyişir. Düşünürəm ki, bu, vətəndaşlara sərf edir. Hazırki taksi xidmətləri həmçinin ünvana gələn avtomobilin modelini, dövlət nişan nömrəsini, sürücünün adını, əlaqə nömrəsini də müştəriyə göndərir. Beləliklə müştəri seçim etməkdə sərbəst olur”.

Ekspertin sözlərinə görə, taksi tariflərinin eyniləşdirilməsi müəyyən problemlərə səbəb ola bilər:

“Bu, ən birinci işsizliyə gətirib çıxaracaq. Taksi tarifləri eyniləşsə qiymətlər arta bilər. Ən əsası da, biz özümüzü istehlakçı olaraq seçim hüququndan məhrum etmiş olacağıq. Bir neçə il əvvəl "London taksiləri" gələndə də belə kampaniya başlamışdı, nəticədə gördük ki, bazar iqtisadiyyatı bu məsələləri özü tənzimlədi. Hesab edirəm ki, bu, Azərbaycan nəqliyyatında həll olunmalı məsələ deyil. Bizim avtonəqliyyat sektorumuzda həll olunmalı məsələ çoxdur, onları həll etmək lazımdır”.

Nuranə Daxilqızı / Redaktor.az