"Televiziyalar səviyyəsiz verilişlər yayımlayırlar" - SƏRT TƏNQİD

“Ölkədə koronavirus başlayandan bu günə qədər dəfələrlə çıxışlarımda virusla mübarizədə əsas şərtin davranış qaydaları olduğunu qeyd etmişəm. Çünki inanlar virus dönəmində özünü necə aparmalı olduqlarını bilməlidirlər”.
Bu sözləri Redaktor.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu cəmiyyətin karantin qaydalarına əməl etməməsi haqqında danışarkən deyib. O bildirib ki, lap əvvəldən davranış qaydalarını insanlara öyrətmək lazı idi:
“Əhalini maarifləndirmək lazımdır. Amma maarifləndirməyi 40 il bundan qabakı metodlarla həyata keçirmək olmaz. Biz bu dəqiqə bütün qeyri-hökumət təşkilatlarını, üzvlərini cəlb edə bilərik, küçədə insanlara yaxınlaşar, onlar arasında virusla bağlı təbliğat aparar. Çünki bir qrup insan var ki, hələ də virusun varlığına inanmır, hətta ətrafındakılara da bunu təbliğ edirlər. Bunun üçün təklif etmişdim ki, elə adamlara bir səhifəlik müraciət təqdim olunsun, oxusun, dəhşətləri hiss etsin. Tək bu deyil. Təqdim etdiyim layihədə 14-ə qədər tədbir var. Xüsusilə televiziyalarımız bu sahədə güclü işləməlidir. İkinci Dünya müharibəsində bütün televiziya, radio, qəzet hamısı müharibə ilə bağlı səfərbər olunmuşdu. İndi bu koronavirus müharibədən betər bir şeydir. Amma bizim bəzi televiziyaları açırsan səviyyəsiz, primitiv, formal verilişlərdir. Sosial şəbəkələrdə, saytlarda isə epizodik söhbətlər gedir. Bu sahədə çox ciddi, elmi əsaslarla hazırlanmış fəaliyyət proqramı olmalıdır.
Təklif etmişəm ki, Operativ Qərargahın nəzdində ictimai rəyə nəzarət qrupu olsun. Bir daha təkrar edirəm ki, əhalini hazırlamadan biz heç nə edə bilməyəcəyik. Əhali buna müqavimət göstərir. Əhali müqavimət göstərə-göstərə biz heç nəyə nail ola bilmərik”.
Mahir Xəttab \ Redaktor.az