Toylara nə vaxt icazə veriləcək? - "Adi restoranlar açıqdırsa..."

"Toy mərasimlərinin də müəyyən şərtlər daxilində keçirilməsinə icazə verilməsini zəruri hesab edirəm".
Redaktor.az xəbər verir ki, bu sözləri millət vəkili Bəhruz Məhərrəmov toyların keçirilməsinə icazənin verilməsi haqqında danışarkən deyib. O bildirib ki, şadlıq evlərinin personalı mağazalarda olduğu kimi, müvafiq məhdudlaşdırıcı tədbirlərin görülməsinə riayət olunmasını təmin edə bilər:
“Toy həm Azərbaycan ailə ənənələrində mühim əhəmiyyətə malik amil, həm də özlüyündə mülki dövriyyə üçün çox ciddi bir aktordur. Bir çox sahələr məhz bu mərasimlərlə tam mənasında bağlıdır. Əgər bu gün adi restoranlar açıqdırsa, qapalı məkanda kafelər insanlarla doludursa, şadlıq evlərinin də fəaliyyətinə müəyyən formada, məhdudlaşdırıcı şərtləri gözləməklə icazə vermək olar”.
Millət vəkili avtobusların toydan daha təhlükəli olduğunu bildirib:
“Təbii ki, bu günə qədər əldə olunan nailiyyətləri, statistikanı toylara qurban verək, lakin inanın bu gün avtobuslar şadlıq evlərindən daha böyük problemdir.
Hesab edirəm ki, müəyyən ehtiyat tədbirləri çərçivəsində toylara icazə məsələsində yumşalmaya getməklə, həm əhalinin güzəranını yaxşılaşdıra, həm vergi daxilolmalarını artıra, həm də müəyyən mənada sosial nəbzi daha da sakitləşdirə bilərik”.
Mahir Xəttab \ Redaktor.az