BNA-nın yarıtmaz işi: Avtobusda sıxlıq, işləməyən terminallar, tıxac... - MİLYONLAR HANI?

 17:27 11.09.2020     1671

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən metronun bağlanması ilə Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətindəki çatışmazlıqlar özünü büruzə verdi. TƏBİB və Operativ Qərargahın təyin etdiyi sosial məsafə avtobuslarda və terminal aparatlarının önündə nəinki qorunur, hətta çox ciddi şəkildə pozulur. İctimaiyyətin şikayətlərinə nəzər belə yetirməyən BNA haqqında günü-gündən narazılıqlar daha da artmaqdadır.

Cəmiyyət artıq koronavirusun aktiv şəkildə yayılmasında birbaşa BNA-nı günahlandırır.

Məsələ ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, BNA ictimaiyyətin şikayətlərini həll etməsə, bunun axırı heç də yaxşı olmayacaq:

“Düzdür, BNA-nın fəaliyyətini bütünlüklə mənfi adlandırmaq da olmaz. Çünki nəqliyyat sahəsindəki bir sıra çatışmazlıqları həll etdilər. Lakin pandemiya bizim ictimai nəqliyyatda olan çatışmazlıqları kəskin formada üzə çıxardı. Məlum oldu ki, hər şey bizim düşündüyümüz kimi, heç də gözəl deyilmiş. Əsas problemlərdən biri də nəqliyyat çatışmazlığıdır. Marşurut avtobuslarının intervalında xeyli problem var. Sərnişinlər vaxtı-vaxtında avtobusdan rahat istifadə edə bilmir. Monitorinq aparmaq üçün mən özüm də bir həftə avtobusdan istifadə etdim. Araşdırmalarıma əsasən qeyd edirəm ki, dövlətə külli miqdarda ziyan vuran şəxslər ilk növbədə avtobus sürücüləridir. Sürücülər çox vaxt intervlı gözləmirlər. Məsələn, avtobus məntəqəyə saat 17:45-də çatmalıdırsa, bu, 18:30-da baş tutur. Digər məsələ isə BNA-nın hazırki problərin həllini bitirməmiş, digər məsələlərə girişidir”.

E.Cəfərov qeyd edib ki, BNA öncə mövcud problemləri həll etməlidi:

“BNA avtobusların çatışmazlığı, yolların işıqlandırılması, yol nişanlarının olmaması, terminal aparatlarının işləməməsi kimi problemləri kənara qoyub, ideal formada olan taksi məsələsinə toxunur. Agentlik cəmiyyətin fikirlərinə nəzər salıb, çatışmazlıqları həll etməlidi. Bu gün ictimaiyyət BNA-nın fəaliyyətindən narazıdır. Şəxsən mən əvvəllər bu qurumun fəaliyyətini bəyənirdim. Lakin son vaxtlar məsuliyyətsiz çıxışları, cəmiyyətin deyil, hansısa məmurun tərəfində olmaqları məni məyus etdi. Qeyd edim ki, BNA ictimiyyətin narazılıqlarına obyektiv şəkildə yanaşmalı və çatışmazlıqları həll etməlidir, əks halda bunun axırı yaxşı olmayacaq. Çünki Prezident İlham Əliyev də xalqın yanında, tərəfindədir və qurumlara cəmiyyətin fikirlərinin nəzərə alınması barədə xüsusi göstərişlər verib”.

Tibb Universitetinin dosenti Rəşid Mahmudov bildirib ki, avtobuslarda oturacaq sayı qədər insan olmalıdır:

“Buna görə də, avtobusları çoxaltmaq lazımdır. İnsanlar virusdan qorunmaq üçün açıq havada daha çox gəzməlidir. Qapalı məkanlarda uzun müddət qalmaq virusa yoluxma riskini daha da artırır. Avtobuslardakı sıxlıq isa qısa müddət ərzində həll edilməlidir. Yoxsa yoluxanların sayında azalma gözləmək abdurd olar”.

Nuranə Daxilqızı / Redaktor.az