Bakıda ölmək 3500 manata başa gəlir - Qəbr yeri, bahalı daş...
“Çox təssüf ki, hazırda məzarlıqlarda qəbr yerlərinin satışı qanuna uyğun formada həyata keçirilmir. Və məzar yerlərinin qiyməti dövlət rüsumundan dəfələrlə baha satılır”.
Bu fikirləri Redaktor.az-a açıqlamasında millət vəkili Azər Badamov bildirib. O qeyd edib ki, 2018-ci ilin dekabrın 4-də Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qərara əsasən, məzarlıqlarla bağlı cavabdehlik bələdiyyələrin həvalə edilib.
Bakı şəhərində hazırda 100 qəbristanlıq var. Qanunla hər bir qəbr yerinə görə müsəlmanlar üçün dövlət rüsumu 63, müsəlman olmayanlar üçün isə 79 manat müəyyən edilib. Lakin bir qəbr yeri 1000 manatdan aşağı satılmır.
“Belə olduğu təqdirdə, vətəndaş Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilməlidir. Bu, həm də ictimai nəzarətdir. İctimai nəzarət odur ki, belə halların baş verməsinin qarşısı alınsın. Bu vəziyyətə nəzarət olunmalıdır. Əgər hardasa belə korrupsiya halı ilə rastlanarsa, mütləq müvafiq orqanlara müraciət edilməlidir. Bu halda biz bu qanunsuzluqların qarşısını ala bilərik".
Azər Badamov məzarlıqlarla bağlı qəbul edilən qanunda qəbr daşlarının vahid standart formasının müəyən edildiyini, lakin hələdə bu tələblərə cavab verməyən qəbir daşlarının düzəlməsindən də danışıb:
“Qanunda qəbr daşlarının vahid standart forma və ölçülərdə olması qeyq edilib.Çox təssüf ki, bu gün buna riayət edilmir. Buna görə də aidiyyatı şəxslər hərkətə keçməlidir. Qəbr daşlarının müxtəlif formada düzəldilməsinin qarşısı alınmalıdır.
Xarici təcrübəni götürsək, Avropanın və digər inkişaf etmiş ölkələrin məzarlıqlarında bütün qəbr daşları eyni standart forma və ölçüdədir. Lakin bizdə belə deyil.
Qəbir daşlarının müxtəlif formalarda qoyulması təbii ki, yolverilməzdir. Çünki hər bir şəxs dəb-dəbəli qəbr daşları qoydura bilmir. Maddi cəhətdən buna imkanı çatmır. Elə mühit, şərait yaradılmalıdır ki, hərkəsin qəbri eyni olsun.
Düşünürəm ki, zamanla bu məsələ öz həllini tapcaq. Sadəcə olaraq nəzarət mexanizminin təşkilinin gücləndirilməsi məsələsi gündəmə gətirilməlidir”.
Qeyd edək ki, Bakıda qara mərmərdan hazırlanan ən ucuz qəbr daşının qiyməti 2500 manatdan başlayır.
Zöhrə Pənah / Redaktor.az