Taksi şirkətləri qiyməti bu üsulla artırır - Heç kim bunu bilmir...

 10:40 22.09.2020     1573

Son vaxtlar Bakıda fəaliyyət göstərən taksilərin qiyməti əvvəlki vaxtlarla müqayisədə 15-20 %-ə dək artıb.

Bu barədə Redaktor.az-a danışan ekspert Azər Allahverənov taksilərin qiymət artımının bir neçə səbəbi olduğunu bildirib:

“Birincisi, bu, süni qiymət artımı da ola bilər. Yəni, taksi şirkətləri öz aralarında razılığa gəliblər ki, qiyməti qaldıra bilərlər. İkincisi, taksiyə tələbin artması da qiymət artımını qaçınılmaz edir.

Bildiyimiz kimi, bir müddət  ictimai nəqliyyata müəyyən məhdudiyyətlər tətbiq edildi, metronun fəaliyyəti dayandırıldı. Bu səbəbdən də insanların bir qismi işə gecikməsin deyə taksilərdən istifadə etmək məcburiyyətində qaldı. Bu da qiymət artımına gətirib çıxartdı.”

Ekspert bəzi taksi şirkətlərinin xüsusi proqramlar vasitəsilə qiymətləri artırdığını bildirib:

“Normalda gediş haqqı hər kilometrə görə 50-60 qəpik təşkil edir. Bəzi taksilərdə isə gediş haqqı 70 qəpikdir. Lakin taksinin hansı gündə və hansı saatda sifariş edilməsi də qiymətə təsir edir. Taksi sifarişlərində qiymət artımı onlayn aqreqatorlar vasitəsilə həyata keçirilir.

Həftənin və ya günün saatından asılı olaraq, sifariş edilən taksiyə tələbat artdıqda yüksələn əmsal sistemi işə salınır. Bu da nəticə etibarı ilə qiymətin artmasına səbəb olur. Bu süni müdaxilə nəticəsində baş verir. Buna görə də, şənbə və bazar günləri qiymət artımı müşahidə edilir.”

Zöhrə Pənah \ Redaktor.az