Azərbaycanda yenidən SƏRT KARANTİN... - Qadağalar geri qayıdır?

 00:31 23.09.2020     6179

Bir neçə gündür sosial şəbəkələrdə, cəmiyyətdə karantin rejiminin sərtləşdiriləcəyi, SMS icazənin yenidən tətbiq ediləcəyi ilə bağlı fikirlər səsləndirilir.

Bəs, karantin rejiminin sərtləşdirilməsi indiki məqamda effektli olacaqmı?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən tibb eksperti Adil Qeybulla karantin rejimin sərtləşdirilməsinin mənasız olduğunu bildirib:

“Karantin qaydalarını əvvəlki kimi sərtləşdirməyə, insanları evdə saxlamağa ehtiyac yoxdur. Hesab edirəm ki, bütün bunların əvəzinə nəzarəti artırmaq lazımdır. Bu haqda dəfələrlə demişəm, karantin nə qədər sərt olsa belə, insanlar ona əməl etməyəcəyi təqdirdə nəticəsi olmayacaq. Çünki bir çox insan bu günə qədər məsələnin mahiyyətini dərk etməyib.

Misal üçün, Qubada müəllimlərin virusa yoluxma halı qeydə alınıb. Çox güman ki, həmin müəllimlər karantin qaydalarına əməl etməyiblər. Düşünün, müəllim hələ də virusun ciddiliyini dərk etməyib qaydalara əməl etmirsə, o, uşaqlara bunu necə başa salacaq? Baxın, əsas məsələ budur. İlk növbədə bu məsələləri həll etmək lazımdır. Bunlar həll olunmadan bütün görülən tədbirlər effektsiz olacaq”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev də saytımıza açıqlamasında karantin rejiminin yenidən sərtləşməsinə ehtiyac olmadığını bildirib:

“Hazırda vəziyyət nəzarət altındadır. Müşahidə etdiyimiz yoluxma sayı da yüksək deyil. Bu baxımdan hazırkı vəziyyətdə karantin rejiminin sərtləşdirmək tezdir. Biz yeni-yeni yumşaldılmalar edirik, insanlar hələ tam şəkildə yumşaldılmaya alışmayıblar. Təbii ki, yoluxma sayı kritik həddə çatarsa, yenidən sərt tədbirlər görmək olar. Hələlik buna ehtiyac yoxdur”.

Mahir Xəttab\ Redaktor.az