"Cimerlik.az" portalı fəaliyyətini dayandırıb

 16:53 23.09.2020     212

Pandemiya dövründə yaradılan www.cimerlik.az saytı fəaliyyətini dayandırıb.

Bu barədə Redaktor.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildiriblər. Qeyd olunub ki, portalın işləməmi çimərlik mövsümünün bitməsi ilə əlaqədardır:

"Pandemiya dövründə çimərliklərdə istirahət edənlərin təhlükəsizliyi nəzərə alınmaqla, çimərliyin tutumunu müəyyən etməyə xidmət edən www.cimerlik.az xüsusi internet səhifəsi yaradılıb.

Pandemiya dövründə çimərliklərin monitorinqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşlarından ibarət 16 səyyar monitorinq qrupu formalaşdırılıb. Səhifəyə daxil olmaqla vətəndaşlar çimərliklərin siyahısı, doluluq səviyyəsi, infrastruktur və şərait, ünvan və yerləşmə yeri və s. məlumatları əldə edə biliblər. Eyni zamanda, yerlərdə vəziyyətin müəyyən edilməsi üçün xüsusi mobil tətbiq hazırlanıb ki, bu tətbiq vasitəsilə çimərlik ərazisinə daxil olan və çıxan şəxslərin sayı sistemə ötürülməsi təmin olunub. Artıq çimərlik mövsümünün bitməsi ilə əlaqədar olaraq portal fəaliyyətini dayandırıb".