ERMƏNİ VƏHŞİLİYİ: Müharibənin balaca şahidləri - PSİXOLOQ RƏYİ

 02:10 29.10.2020     886

Müharibə dəhşətli və ağrılı olsa da, müəyyən yaşa çatmış insanlarda olan dözüm hissi çətin anlardan çıxış üçün kömək edir. Lakin raket səslərinin, dağıntıların ağır psixaloji təsirini uzun illər yaşayacaq bir qisim də var - uşaqlar!

Psixoloq Yeganə Əliyeva Redaktor.az-a açıqlamasında bildirib ki, indi elə bir şəraitdir ki, nəinki uşaqlar, heç böyüklər də özlərini ələ ala bilmirlər:

“Müharibə şəraitində yaşayan, raket hücumunu gözləri ilə görən uşaqlar bu hadisələr bitdikdən sonra da qorxu, stress içərisində qalırlar. Hər an “nəsə olacaq” düşüncəsi ilə panika vəziyyətində yaşamağa məcbur olurlar. Hər hansı bir gərgin vəziyyət zamanı valideynlərə tapşırılır ki, mümkün qədər təmkinli olsunlar və yaşadıqları qorxunu uşaqlara hiss etdirməsinlər. Lakin hazırda elə bir vəziyyətdir ki, böyüklər belə özləri bunu bacara bilmirlər. Əfsuslar olsun ki, hazırda nə baş verəcəyi, hansı ərazinin atəşə tutulacağı ilə bağlı qorxular var və bu da uşaqların valideynlərinin yanında belə özlərini rahat hiss etməmələrinə səbəb olur. Nəticədə uşaqlarda az yaşdan etibarən güvəndə olmamaq hissi, düşüncəsi yaranır".

Psixoloq uşaqlarla söhbətlərin aparılmasından danışaraq deyib ki, əlindən gələn bütün yardımı etməyə hazırdır:

“Müharibə başladığı gündən etibarən cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan insanlarla psixoloji söhbətlər aparırıq. Onlarla telefon vasitəsilə etdiyimiz danışıqlar tamamilə təmənnasızdır və bunu davam etdirməyə də hazırıq. Ordumuz torpaqlarımızı işğaldan azad etmək uğrunda canları bahasına vuruşurlar. Bunun qarşılığında müharibənin psixoloji tərəflərini həll etməyi insanlıq borcu bilirəm”.

Şəfəq Samed \ Redaktor.az