Öz pulumuza bizə nə yedizdirirlər? - Fast-foodların ZƏRƏRİ...

 13:55 29.10.2020     863

Ölkəmizə fəaliyyət göstərən fast-food şirkəti - "MC Donalds"ın Azərbaycan nümayəndəliyinin rəsmi  sosial şəbəkə hesablarından müharibə ilə bağlı paylaşımları silməsi böyük narazılıqla qarşılanıb. Bəzi şəxslər "MC Donalds"ı baykot etməklə bağlı çağrışlar ediblər. 

Redaktor.az-a açıqlamasında "Türkiyə Şef Aşçılar" dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov bildirib ki, hazırki dönəmdə belə bir addım atmaq düzgün deyil:

“Azərbaycanı gözü götürməyən qüvvələrin sayı çoxdur. Bizim haqlı mövqeyimiz ermənilərlə yanaşı, onların tərəfində olan qüvvələrdə də qıcıq yaradır. Bir sıra fast-food şirkətləri əvvəlcə Azərbaycanın yanında olmasını deyib, daha sonra yazdıqlarını silirsə, deməli onun qanında, canında vətən sevgisi yoxdur və həmin insanlar azərbaycanlı ola bilməz. Qarabağla bağlı şüar səsləndirə bilməyən şirkətin Azərbaycanda fəaliyyət göstərməsi qeyri-mümkündür. İnsanlar düşünə bilər ki, həmin şirkətin işçiləri işdən çıxarılmaması üçün fəalliyyətlərini davam etdirsinlər. Lakin xatırladım ki, bu yaxınlarda Ermənistana yardım edən bir restoran həmin məkandan çıxarıldı, yerinə başqası gəldi və hazırda əvvəlki restoranın işçiləri də öz işlərinə davam edirlər.

Qida texnoloqu fast-foodlar haqqında da danışaraq bildirib ki, özümüzə məxsus, milli məhsullara üstünlük verilsə, daha yaxşı olar:

“Bizə milli məhsullar, yeməklər lazımdır. Həmin fast-food qidalarının tərkibində nə olduğu heç məlum deyil. Sağlamlığa ziyanını soruşsanız, bir çox xəstəliyin adını çəkmək olar. Fast-foodların tərkibi boş karbohidratlardır. Həmin qidaların hansı tərkiblə hazırlandığı barədə məlumat verilmir. Nəzərə alsaq ki, digər düşmən - koronavirus ilə mübarizə aparırıq, belə bir dönəmdə immuniteti gücləndirən meyvələr, tərəvəzlər qəbul etmək daha faydalıdır, nəinki mənşəyi məlum olmayan fast-foodlar. Həmçinin, həmin fast-food restoranlarında qidalarla yanaşı içkilər də verilir ki, bu cür şirələr uşaqlarda qida dözümsüzlüyü yaradır. Çünki meyvə çəkilən zaman şirə liflərdən azad olur və bu da həzm prosesində narahatlığa səbəb olur.

Şəfəq Samed / Redaktor.az