DİQQƏT: Buna görə cərimə olunacaqsınız - DÜZGÜN DANIŞIN VƏ YAZIN!
Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nəzarət mexanizmində cərimələrin tətbiqi də nəzərdə tutulub. Cərimələrin dil normalarını pozan KİV-lər üçün həyata keçirilməsi planlanıb.
AZTV-nin "Səhər" musiqi və informasiya proqramı redaksiyasının rəhbəri Turan Babayev Redaktor.az-a açıqlamasında bildirib ki, dil normalarının pozulmasına nəzarət edilməlidir. Efirdə olan bütün aparıcılar bu normalara xüsusi əməl etməli və məsuliyyətlə yanaşmalıdırlar.
ATV-nin "Xəbərlər" buraxılışının aparıcısı Ariz Tarverdiyev isə bildirib ki, dövlət dilinin normalarının pozulmasının qarşısını almaq məqsədilə atılan istənilən məqsədəuyğun tədbir dəstəklənməlidir.
"Zaman göstərdi ki, tövsiyə xarakterli bildirişlər effektiv deyil. Buna görə də cərimələrin tətbiq olunması məsələnin son və inzibati yolla həllidir. Bu mərhələyə gələnədək aparıcılar, müxbirlər və fəaliyyəti ana dili ilə bilavasitə bağlı olan digər peşə nümayəndələri üçün müvafiq treninqlər, təkmilləşdirmə kursları təşkil edilməlidir. Bu addım ümumi işin səmərəliliyini artıracaq. Çox təəssüf ki, cəmiyyətdə ədəbi dil qaydalarının pozuntusu yalnız televiziya kanallları ilə assosiasiya olunur. Lakin cəmiyyətin demək olar ki, bütün sferalarında, fonetik, leksik, qrammatik, həmçinin üslubi norma pozuntularına saysız-hesabsız səviyyədə rast gəlmək olar. Bir sözlə, monitorinqin obyekti təkcə televizayalar yox, bütün cəmiyyət olmalıdır. Yalnız belə olan təqdirdə yavaş-yavaş özümüzdə dilimizi müdafiə immuniteti yarada bilərik".
Şəfəq Samed \ Redaktor.az












