Sosial Tədqiqatlar Mərkəzi maraqlı SORĞU KEÇİRİB

 12:34 18.11.2020     492

Ermənistanın təxribatı nəticəsində 27 sentyabr 2020-ci il tarixdən başlayan və Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı ilə “sülhə məcbur etmə” xarakteri daşıyan müharibə, onun nəticələri ilə bağlı gözləntilər, məcburi köçkün ailələrinin azad edilmiş torpaqlara qayıdış planının, ermənilərə və onlarla birgəyaşayışa münasibəti və son olaraq, müharibə şəraitində Azərbaycan ordusu və dövlətinin xalqla birliyinin vəziyyəti barədə Sosial Tədqiqatlar Mərkəzi sorğu prosesini yekunlaşdırıb.

Redaktor.az xəbər verir ki, nəticələrə görə məcburi köçkün respondentlərin böyük əksəriyyəti (84.1%) müharibənin son qələbəyədək davam etdirilməsini istəyir. Cəmi 13.2% respondent müəyyən şərtlər altında müxtəlif ssenarilər ola biləcəyinə dair fikirlərini bildirib.

• Sorğuda iştirak edən məcburi köçkün düşdüyü yaşayış yeri işğaldan azad olunan respondentlərin 97.9%-i məcburi köçkün düşdükləri yaşayış yerlərinin (şəhər, qəsəbə, kənd) yaxın gələcəkdə azad olunacağına ümid edir.

• Yaşadıqları ərazi işğaldan azad olunmayan məcburi köçkünlərin mütləq əksəriyyətində də (97.5%) bu ümid var.

Respondentlərin mütləq əksəriyyəti, başqa sözlə 98%-i yaxın gələcəkdə azad edilmiş rayonlarına qayıtmağı planlaşdırır.

• Gənc respondentlərin 96%-i işğaldan azad olunan ərazilərə qayıtmağı planlaşdırır.

• Respondentlərin böyük əksəriyyəti, yəni 83.2%-i işğaldan azad olunmuş yurd yerlərinə bütün ailə üzvləri ilə birgə qayıtmağı planlaşdırır.

• Sorğuda iştirak edən məcburi köçkünlərin demək olar ki, hamısı (99%) bildidirib ki, torpaqların azad olunması onlarda nikbinlik və evə qayıtmaq əhval-ruhiyyəsi yaradıb.

• Respondentlərin yarısı (51.1%) işğal altında olan ərazilərdəki evinin açarlarını, sənədlərini saxlamaqdadır. 48.9% isə saxlamayıb.

Qeyd edək ki, Sorğu Qobu qəsəbəsinin ərazisində mənzillə təmin olunan və faktiki yaşayan 464 məcburi köçkün ailəsi ilə telefon vasitəsilə keçirilib. Sorğu 2020-ci il oktyabrın 9-dan 13-dək olan dövrdə keçirilib.