Əsgərlərə isti qış geyimləri hədiyyə edilib

 15:12 21.11.2020     609

Məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş isti geyimlər hərbi hissəyə təhvil verilib.

Redaktor.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edərək avqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrasından bəhs edib. Bildirib ki, həmin tapşırıqlara əsasən hərbi hissələr üçün yun corabların toxunması işi davam etdirilib və bu gün məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 2100 yun corab, 1200 yun boyunluq və 920 ədəd yun şərf əsgərlərimizə hədiyyə edilib.

Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Ramin Dadaşov çıxış edərək vurğulayıb ki, muxtar respublikada ordu, birləşmə və hissələr hərtərəfli qayğı ilə əhatə olunub. Dövlət qayğısından və xalq-ordu birliyindən ruhlanan hərbi qulluqçularımız yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Bu gün əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi də növbəti qayğının ifadəsi, xalq-ordu birliyinin təcəssümüdür. Tədbirdə hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, ötən ay da məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 2000 yun corab və 1700 yun boyunluq əsgərlərimizə təqdim edilib. //AZƏRTAC