Komendant saatı başa çatır, sərt karantin başlayır? - AÇIQLAMA

 17:20 07.12.2020     1059

"Payız-qış ayları ilə bağlı əvvəlcədən də xəbərdarlıq edilirdi ki, artım olacaq. Vəziyyəti stabil saxlamaq üçün sərt karantin rejimi bərpa edilməlidir".

Bu sözləri Redaktor.az-a millət vəkili Müşfiq Cəfərov deyib. O bildirib ki, artıq dünyanın əksər ölkələri qapanmaya keçir:

“Lakin sosial-iqtisadi vəziyyəti də nəzərə almalıyıq. Pandemiya əksər ölkələr kimi Azərbaycan iqtisadiyyatına da ciddi ziyan vurub. Müəyyən bir sistem qurulmalıdır ki, ərzaq mağazaları da daxil olmaqla bütün iaşə obyektlərində növbəlilik prinsipi olsun. Çünki ərzaq mağazalarındakı sıxlığın qarşısı alınmadığı müddətdə yoluxma hallarında artım olacaq".

Millət vəkili 2 həftə sərt karantinin rejiminin tətbiq edilməsini təklif edib:

“Qarşıdan Yeni il gəlir, ölkəmizdə şəhidlərlə əlaqədar inanmıram ki, bayram böyük bir təntənə ilə qeyd olunsun. Lakin yenə də bayram vaxtı sıxlıq daha da artacaq, insanlar kafe və restoranlara üz tutacaq. Bu səbəbdən də 2 həftəlik sərt karantinin bərpası qaçılmazdır.

Amma yenə də iqtisadi tərəfləri mütləq şəkildə araşdırmalı, sonra qərar verilməlidir. Çünki qapanmaya gediləndə iş yerləri bağlanılır. Ona görə də bu məqamlar diqqətdə saxlanılmalıdır. Amma ümumilikdə 2 həftəlik qapanma yoluxanların sayının azalmasına səbəb ola bilər. Bu gün yoluxmaların sayının azalmasına ehtiyac var. Demək olar ki, xəstəxanalarda yer yoxdur”.

Mahir Xəttab \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən