Gənclər Kitabxanasından vətənpərvərlik aksiyası - “Hardan başlayır Vətən?”
Hardan başlanır Vətən? Vətən məhəbbəti, Vətəni sevmək ən ülvi hissdir. Vətəni sevmək Tomris mərdliyini, Cavanşir yenilməzliyini, Dədə Qorqud hikmətini, Nizami poeziyasını, Tusi elmini, Füzuli kədərini, Koroğlu cəngisini, Xətai qılıncını, qələmini, Babək cəsarətini, Nəsimi qətiyyətini, Üzeyir musiqisini, Səməd Vurğun şeiriyyətini sevmək deməkdir. Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar. Torpaq-uğrunda ölən varsa, Vətəndir! Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər olan şəxs Vətənini sevən, ona sadiq, torpağına, millətinə bağlı olan, bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxsdir.
Redaktor.az xəbər verir ki, Respublika Gənclər Kitabxanası gənclərimizin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, onlarda dəyərlərimizə olan sevgi və bağlılıq hisslərini inkişaf etdirmək yönümündə paylaşım edib. Gənclər Kitabxanası yeni bir layihəyə start verib. Bu, “Hardan başlanır Vətən?” layihəsidir. Sözügedən layihə gənclərimizdə Vətənə sevgi, torpağa bağlılıq aşılamaq, onları Azərbaycanımızın qədim tarixi, füsünkar təbiəti, şanlı qələbə yolu haqda məlumatlandırmağa yönəlmişdir. Layihə çərçivəsində kitabxananın əməkdaşları Cəbrayıl, Fizuli, Laçın, Şuşa, Ağdam, Kəlbəcər və s. rayonlarımız haqqında video çarxlar hazırlamışlar. Video çarxlarda rayonlar, bütövlükdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi haqqında geniş, əhatəli və faydalı məlumatlarla zəngin materiallar təqdim olunub. Hal-hazırda layihə uğurla davam etdirilir və “Bəyənmə” saylarına görə yerləşdirilən materiallar ön sıralardadırlar.
İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan video materiallara aşağıdakı linklər vasitəsilə baxa bilərlər.
https://www.instagram.com/tv/CIh-qlSB5kO/
https://www.instagram.com/tv/CIXbbW9h7KK/
https://www.instagram.com/tv/CIQQO3PBKwA/
https://www.instagram.com/tv/CIOu-vdBF7V/
https://www.instagram.com/tv/CH_NBDsB5tT/












