Bakıda postlardakı tıxacla bağlı YOL POLİSİNDƏN AÇIQLAMA

 14:40 15.12.2020     574

"Bildiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah sərtləşdirilmiş karantin tədbirlərinin keçirilməsini nəzərdə tutan qərarlar qəbul edib. Məsələnin yol ilə bağlı olan qismi də, əlbəttə ki, yol polisinin öhdəsinə verilib. Bu, mövcud qanunvericiliyə əsasən öz həllini tapıb və tapmaqdadır. İlk növbədə ictimai nəqliyyat vasitələrinin, yəni avtobus sürücülərinin, eləcə də hərəkət üstünlüyünə malik olan - yanğınsöndürən, təcili tibbi yardım və polis əməkdaşlarının maşınlarının sərbəst hərəkəti üçün zolaqlar ayrılıb. Təəssüflər olsun ki, bu zolaqlar bəzi sürücülər tərəfindən tutulur və həmin avtomobillərin hərəkətini ləngidir"

Bu sözləri  Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi, polkovnik Vaqif Əsədov Redaktor.az-a açıqlamasında bildirib. O deyib ki, hərəkət icazəsi olan şəxslər yaradılmış postlarda süni sıxlığın olmaması, vaxt itkisinin qarşısının alınması və 3 saatlıq SMS icazəsindən səmərəli istifadə etmək üçün postlara yaxınlaşanda mütləq şəxsiyyət vəsiqələrini əllərində hazır vəziyyətdə saxlasınlar:

"Belə olduqda xüsusi yoxlayıcılar vasitəsi ilə vəsiqələrin yoxlanılması 8-10 saniyə içərisində baş tutur və sürücünün hərəkətlə bağlı icazəsinin olub-olmaması aydınlaşdırılır. Bu zaman postlarda sıxlığın yaranmasının qarşısı alınmış olur.

Hərəkət icazəsi olmayanlarla bağlı inzibati tənbeh tədbirləri keçirilərkən böyük narahatlıqlar yaşanır. Sürücülər hər hansı istiqamətdə getməsinin vacibliyi ilə bağlı haqlı-haqsız fikirlər səsləndirir. Bunların hər birinə qulaq asmaq, məsələlərini həll etmək də yol polisinin öhdəsindədir. Tövsiyə edirik ki, zərurət olmadıqca şəxsi avtomobillərdən istifadə edilməsin. Bu qaydalar düzgün yerinə yetirilməlidir ki, ləngimələr də baş verməsin.

Polkovnik Vaqif Əsədov:

Hörmətli vətəndaşlar, mövcud vəziyyəti düzgün təhlil etməyi və hazırki vəziyyətdə yaşadığınız ərazidə qalmağa üstünlük verməyinizi tövsiyyə edirik ki, özünüzü xəstəliklərdən qoruya biləsiniz. Təəssüflər olsun ki, bəzi virus daşıyıcıları bilərəkdən hərəkət etməyə davam edir. Bunun nəticəsini də günlük statistikalarda görmüş oluruq.

Yol sahəsində, avtomobillər arasında mədəniyyət formalaşmalı, nəqliyyat vasitələri bir-birinin ardınca sıralanmalı, yəni, bu, bir adət halını almalıdır. Vətəndaşlar təbliğat işinin aparılmasında da yol polisinə kömək etsinlər.

Həmçinin, texniki baxış müddəti çatmış sürücülərə müraciət edərək bildiririk ki, Bakı-Zabrat-Maştağa yolunun 1 km-liyində yerləşən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Diaqnostika və Müayinə Mərkəzi, eləcə də Qaradağ rayonu ərazisində Bakı 3-cü kənar dairəvi yolunda yerləşən yeni müayinə mərkəzi vətəndaşların istifadəsinə verilib. Sürücülər nəqliyyat vasitələrini texniki baxışdan keçirmək üçün müraciət edə bilərlər. Qeyd edək ki, texniki baxış müddəti nəzərə alınaraq hərəkət üçün şərait yaradılacaq. Yəni, həmin vətəndaşların yollardakı postlarda hər hansı problemlə qarşılaşmamaları və sms müddəti bitsə belə fərdi yaşayış ünvanlarına protokol tətbiq edilmədən çatmaları üçün müəyyən şərait yaradılacaq".

Şəfəq Samed \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən