Nizami rayonunda YOL POLİSİ niyə belə edir? - SÜRÜCÜLƏR NARAZIDIR
"Polis postları qurularkən bütün detallar nəzərə alınır. Bundan əvvəlki təcrübəyə əsaslanaraq deyə bilərəm ki, bu dəfə çox yumuşaq davranış nümayiş etdirilib. Yəni, keçən dəfə postlar arasında 1 kilometr məsafə var idi. Amma bu dəfə bunlar ümumiləşdirilib".
Bu sözləri Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, hazırda bəzi yerlərdə 3 post əvəzinə 1 post qurulub:
"Nizami rayonu ərazisində qurulmuş postlara görə tıxaclar yaranır. Lakin hələ elə bir alternativ variant yoxdur ki, həmin ərazidə tətbiq edilsin. Hələlik qoyulan tələb, görülən işlər bundan ibarətdir. Yeni tələblər olarsa, ona uyğun addımlar atıla bilər. Sadəcə olaraq, bir çox sürücülər hələ də icazəsiz hərəkət edirlər.
Bəzi şirkətlər işçilərinə dolayı yollarla icazə sənədləri veriblər və şəhərdə avtomobillərin sayı çoxdur. Bundan əlavə, əvvəlki karantin dövrünə nisbətən bu dəfə bir çox sahələrin fəaliyyətinə də icazə verilib. Bu da tıxacın yaranmasına təsir göstərir. Hazırda əhalinin rahatlığı, təhlükəsizliyi üçün uyğun olan variantlar tətbiq edilir. Sadəcə bir qədər səbrli, təmkinli olmaq lazımdır".
Qeyd edək ki, sürcülərin yol polisindən ən çox narazıqlıq etdiyi etdiyi ərazi Bakının Nizami rayonudur. Burada təkcə tıxaclar yox, həm də yol polisinin sürcüləri əsasız cərimə etməsi ilə bağlı da çoxlu şikayətlər var.
Şəfəq Samed \ Redaktor.az












