"Cərimələrin artırılması düzgün qərardır" - MİLLƏT VƏKİLİ

 17:59 17.12.2020     892

Sabah Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq. Bu dəyişiklik koronavirus infeksiyasına qarşı effektiv mübarizəsini təşkil etmək məqsədilə karantin rejimin tələblərini pozanlara və tibbi maska taxmayan insanlara qarşı tətbiq edilən cərimələrin artırılması ilə bağlıdır.

Belə ki, dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.

Məsələ ilə bağlı Redaktor.az-a danışan millət vəkili Azər Badamov cərimələrin artırılmasının düzgün qərar olduğunu bildirib:

“Çünki bir şəxsin məsuliyyətsizliyi üzündən onlarla insan xəstələnir və əziyyət çəkir. Hətta dünyasını dəyişənlər də olur. Operativ Qərargah sərt karantin rejimini tətbiq edir, insanların sağlamlıqlarını qorumaq üçün tədbirlər görür. Amma bəzilərinin məsuliyyətsizliyi görülən bütün tədbirləri heçə endirir. Ona görə də, kim bu günün tələblərinə əməll etməyib, cərimə ödənilməsinə üstünlük verirsə, daha çox ödəsin. Biz anlamalıyıq ki, burda məqsəd insanları daha çox cərimə etməklə pul qazanmaq deyil. dövlətin gördüyü tədbirlər, o cümlədən karantin tələblərini pozanlara qarşı cərimələrin artırılması, insanları qaunun tələblərinə riayət etməsinə məcbur etməkdir. Yəni, bütün görülən tədbirlər insanların sağlamlıqlarının qorunmasına xidmət edir. Cərimə olunmamaq istəyiriksə, tibbi maskadan düzgün istifadə edib, karantin rejiminin tələblərinə riayət edək. Bu, o qədər çətin tələb deyil”.

Mahir Xəttab \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən