Haqqında şikayət olan həkim danışdı: Yalan məlumatdır, mən... - AÇIQLAMA
Bu gün Şirvan Şəhər Mərkəzi Xəstəxanası ilə bağlı saytımıza şikayətlər ünvanlanıb. Şikayətçilər xəstəxananın direktoru İlham Mustafayevin saatlarla yerində olmadığını, onların göndəriş kağızına möhür vurmaqdan imtina etdiyini bildiriblər.
Məsələ ilə bağlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direkteru İlham Mustafayev Redaktor.az-a açıqlama verib. O, bəzi vətəndaşların karantin postlarını keçmək üçün arayış istədiyini, bu səbəbdən də müraciətlərin bir-bir araşdırıldığını bildirib:
“Bəzi vətəndaşlar müxtalif məqsədlər üçün xəstəxanadan göndəriş almağa cəhd edir. Biz də bunun qarşısını almaq məqsədi ilə göndərişlərə möhür vurmazdan əvvəl, xəstə haqqında məlumatları dəqiqləşdirməyə çalışırıq. Onun üçün də bu gün göndərişlərin verilməsində gecikmələr yaşanıb və bəzi vətəndaşlarımız da bundan narazı qalıb”.
İ. Mustafayev Baş həkimin işdən ayrılması ilə bağlı xəbərə də münasibət bildirib:
“Xəstəxanamızın Baş həkimi bir neçə gündür öz ərizəsi ilə işdən çıxıb. İşdən çıxma səbəbi haqqında məlumatım yoxdur".
Məsələ ilə bağlı TƏBİB-dən bildirildi ki, xəstəxana üzrə məsul şəxsə şikayətlə bağlı məlumat verilib: "Həmin vaxt məsul şəxs icbari tibbi sığorta ilə bağlı iclasda olub. Digər bir məsələ isə odur ki, son vaxtlar Bakıya gəlmək üçün rayon xəstəxanalarından saxta arayış almağa cəhd edənlər var. Bunun qarşısını almaq üçün həmin şəxslərin arayışına göndəriş üçün möhür vurulmur. Bu da öz növbəsində həmin vətəndaşlarımızın narazılığına səbəb olur".
Qeyd edək ki, bundan əvvəl də Şirvan Mərkəzi Xəstəxanası il bağlı redaksiyamıza şikayətlər daxil olub.
Mahir Xəttab \ Redaktor.az












