"Sərt karantinlə bağlı yumşaldılmalar etmək tezdir" - MİLLƏT VƏKİLİ
“Sərt karantin rejimi və məhdudiyyətlərin tətbiqi virusa yoluxmanın azaldılması prosesinə müsbət təsirini göstərir. Təcrübə onu göstərir ki, məhdudiyyətlər zamanı yoluxma halları azalsa da, bu, təhlükənin tamamilə aradan qalxması demək deyil”.
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Sədaqət Vəliyeva koronavirusa yoluxanların sayında azalmanın olması ilə bağlı danışarkən deyib. O bildirib ki, yoluxma sayının azalmasına görə tez bir zamanda yumşalmalara getmək olmaz:
“Xatırlayırsınızsa, mart ayında ilk dəfə məhdudiyyətlərin tətbiqindən sonra xəstəliyə yoluxmanı minimuma endirmək mümkün olmuşdu. Lakin may ayından yumşalmalara gedildi, insanlarımız sanki xəstəliyin olduğunu unutdular və yay aylarında daha çox yoluxma halları ilə qarşılaşdıq. Bu mənada təcrübəyə əsaslanaraq deyə bilərik ki, yoluxma sayının azalmasına görə tez bir zamanda yumşalmalara getmək adekvat olmaz. Ona görə də, nə qədər sosial və iqtisadi baxımdan zərərli olsa da, məhdudiyyətlərin tətbiqi davam etməlidir. Xüsusilə də, nəzərə alaq ki, 2021-ci ildən vaksinasiya işləri də başlayacaq. Bu mənada, yoluxma sayı minimuma endirilməli və pandemiyaya qalib gəlmək üçün bütün mümkün addımlar atılmalıdır”.
Mahir Xəttab \ Redaktor.az












