Toylarla bağlı mühüm qərar: İcazə verilə bilər... - MİLLƏT VƏKİLİ
“Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sonuncu sərt karantin rejimi və məhdudiyyətlər özünün müsbət nəticələrini göstərməkdədir. Faktiki olaraq, ölkəmizdə koronavirusa yoluxma sayı azalır, artıq sağalanların sayı yoluxanları xeyli üstələyir. Bu müsbət dinamikanı qoruyub saxlamaq isə hər kəsin üzərinə düşən məsuliyyətdir”.
Bu sözləri Redaktor.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. O bildirib ki, sərt karantin və məhdudiyyətlər yoluxmanı nəzarətdə saxlamağa imkan verir:
“Lakin bu o demək deyil ki, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra artıq virusa yoluxma halları olmayacaq. Düşünürəm ki, karantindən çıxmaq və yumşalmaya getmək mərhələli olmalıdır. Nəzərə alsaq ki, ölkəyə vaksin gətiriləcək və vaksinləşmə prosesinə başlanacaq, bu mənada pandemiyaya tamamilə qalib gəlmək üçün planlı şəkildə addımlamalıyıq”.
Millət vəkili insanları maraqlandıran toyların keçirilməsi məsələsinə də toxunub:
“Hazırda cəmiyyətimizi maraqlandıran məsələlərdən biri də kütləvi tədbirlərin, toy və digər mərasimlərin keçirilməsidir. Düzdür, hər birimiz toyların keçirilməsinə icazələrin verilməsini gözləyirik. Amma bu məsələdə tələsmək olmaz. Çünki təcrübə onu göstərir ki, yoluxma sayının artmasının ilkin səbəblərindən biri məhz kütləvi məclislər, tədbirlərdir. Kütləvi tədbirlərin keçirilməsi sərt karantindən əvvəlki ağır vəziyyəti bərpa edə bilər. Bu səbəbdən də, əgər yoluxma halları və xəstələrin sayı tam azalarsa, vaksinləşmə prosesi planlaşdırıldığı kimi gedib, koronavirus sosial təhdid kimi aradan qalxarsa, o zaman bu məsələyə baxmaq məqbul sayılar”.
Mahir Xəttab \ Redaktor.az












