"Xəzər" TV-nin şəhid məzarlığı ilə bağlı sujeti QINANDI

 18:20 27.01.2021     2421

Bir neçə gündür şəhid ailələri övladlarının, yaxınlarının Qaradağ rayonu ərazisində yol kənarında, suyun, palçığın içində dəfn edilməsinə etiraz edir. Onlar şəhidlərin İkinci Fəxri Xiyabanda dəfn edilməsini tələb edirlər.

Günlərdir fəryad edən ailələrin səsini isə aidiyyəti qurumlar ya eşitmir, ya da eşitmək istəmir...

Azərbaycan xalqı, dövləti hər zaman şahidinə və onun ailəsinə qiymət verib, onları uca tutub. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev dəfələrlə çıxışlarında 44 günlük qələbəni məhz müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində əldə olunduğunu bildirib.

Lakin bəziləri övladı suyun, palçığın içində dəfn edildiyi üçün etiraz edən şahid ailələrini “təxribatçı qrup” kimi təqdim etməyə çalışırlar. 

Ötən gün “Xəzər Xəbər”də yayımlanan sujetdə isə bəzi şəxslərin qəbir daşlarını sındırmaqda günahlandırılması ictimaiyyət tərəfindən sərt tənqid edilib.

Medianın əsas vəzifəsi hadisəni faktları dəqiq və qərəsiz şəkildə araşdırmaq olduğu halda, görünür televiziyanın əməkdaşları sözügedən sujeti araşdırma aparmadan hazırlayıblar.

Redaktor.az məsələnin daha detallı araşdırmaq, şəhid ailələrinin şikayətlərinin araşdırılıb-araşdırılmadığını öyrənmək üçün Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Telefona cavab verən şəxs bizə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Baş məsləhətçi Gülşən Hüseynova ilə əlaqə saxlamağımızı istədi. Həmin şəxslə əlaqə saxladıq. O da bizi İcra başçısının müavini Təravət Muradovaya yönləndirdi. Zəngimizə cavab verən xanım (bəlkə də elə Təravət Muradovanın özü – red.) məsələnin şəhidlərlə bağlı olduğunu öyrəndikdən sonra “Təravət xanım burada deyil, xahiş edirik 5 dəqiqə sonra əlaqə saxlayın” dedi.

Görünən odur ki, İcra Hakimiyyətinə şəhid ailələrinin vəziyyəti maraqlı deyil...

Məsələni diqqətdə saxlayacağıq.

Mahir Xəttab \ Redaktor.az