Millət vəkili: Bu, nə dinimizə uyğundur, nə də... - AÇIQLAMA

 14:26 27.01.2021     681

“Milli Məclisə seçildiyim 17 saylı Yasamal üçüncü seçki dairəsindən bir şəhidimiz – Tağıyev Hüseyn Oqtay oğlu həmin yerdə dəfn olunub. Hüseynin rəhmətə getdiyi gündən ailəsi ilə ünsiyyətdə olmuşam. Dəfndə iştirak etmişəm, köməkçim mütəmadi əlaqə saxlayır. Çalışmışam ki, ailənin problem və çətinliklərinin həllinə nail olaq”.

Bu sözləri Redaktor.az-a açıqlamasında Yasamal rayonundan Milli Məclisindən deputat seçilən Elnur Allahverdiyev deyib. O, Qaradağda, suyun və palçığın içinə dəfn edilən şəhid ailələrinin problemi haqqında danışıb:

“Məzarlıq məsələsinə gəldikdə deyə bilərəm ki, həmin problemlə bağlı bir neçə görüş keçirilib, onlardan üçündə iştirak etmişəm. Son görüşümüzdə bizim dəvətimizlə Müdafiə Nazirinin müavini Kərəm Vəliyev iştirak edib və şəhid ailələri ilə görüşüb. Onu da əlavə edim ki, görüşlərdə Yasamaldan seçilən həmkarlarım da iştirak ediblər.

Hesab edirəm ki, bəzi media orqanları birtərəfli informasiya yayırlar. Yəni belə təəssürat yaradılır ki, sanki şəhid ailələrini heç kim dinləmir, heç kim qəbul etmir. Ancaq belə deyil. Milli Məclisdə həmkarım Ülvi Quliyevlə görüş olub, Yasamal rayon İcra Hakimiyyətində çoxsaylı görüşlər keçirilib, Müdafiə Nazirinin müavini ilə görüş olub. Belə məsələlər səbrlə, təmkinlə həllini tapmalıdır. Zamana ehtiyac var. O məzarlığın layihəsi var, orada memorial kompleksin tikintisi nəzərdə tutulub, əsaslı işlərin görülməsi planlaşdırılıb. Yol çəkilməlidir, avtobus üçün dayanacaq təyin olunmalıdır və s. Bunlar hamısı planlaşdırılıb. Bildiyim qədər, hətta bu işlər yanvarın 20-dək bitməli idi. Yəni məsələ heç də bəzi informasiya mənbələrinin təqdim etdiyi kimi deyil.

Şəhidlər bizim qəlbimizin dərinliyindəki yaradır, dərddir. Hamımızı incidən dərddir. Ancaq onların məzarlarını belə dağıtmaq, sökmək, orada tikinti üçün nəzərdə tutulmuş materialları sındırmaq… Bu, nə dinimizə uyğundur, nə də adət-ənənələrimizə. Mən açığı belə həssas mövzuda çox danışmağın tərəfdarı deyiləm. Düşünürəm ki, dövlət nə lazımdırsa edəcək, problem yoluna qoyulacaq. Düşünülməsin ki, rayonun deputatları fəaliyyətsizdirlər bu məsələdə. Millət vəkili olaraq işin içindəyik. Ancaq qanun-qaydaya riayət etmək hər birimizin borcudur”.

Qeyd edək ki, bir neçə gündür Qaradağ rayonu ərazisində şəhid məzarları ilə bağlı yaranmış qalmaqal müzakirə mövzusudur. Belə ki, yolun kənarında, çökəklik ərazidə dəfn olunan şəhidlərimizin məzarına axıntı suları dolub.