Şəhid ailələrinin etirazı ilə bağlı VACİB AÇIQLAMA - MİLLƏT VƏKİLİ

 12:15 28.01.2021     578

“Əgər hardasa şəhid məzarları olan əraziyə su dolubsa, bu, ərazinin seçilməsində baş verə biləcək belə hadisəni əvvəlcədən nəzərə alınmamasından irəli gəlir. Kiminsə diqqətsizliyindən bu baş veribsə, bunu şəhid ailələrinin dövlətdən narazılığı kimi sosial şəbəkələrdə ictimailəşdirmək düzgün deyil”.

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Azər Badamov Qaradağda dəfn edilən şəhidlərin ailələrinin narazılığı ilə bağlı danışarkən deyib. O, şəhid ailələrinin cəmiyyətimizin həssas təbəqəsi olduğunu bildirib:

“Dövlətin bu həssas qrupa böyük qayğı və diqqətlə yanaşdığı halda bir qrup şəxs şəhid ailələrini müəyyən qurumlardan narazı salmaqla, məqsədli şəkildə dövlətdən narazı qalmaqlarına çalışırlar. Sosial şəbəkələrdə səsləndirilən narazılıqların sırasında şəhid məzarlarının axıntı sularının yığıldığı ərazidə dəfn olunması ilə bağlıdır. Düşünürəm ki, heç bir icra hakimiyyəti və dövlət qurumunun rəhbəri məqəsdli şəkildə şəhid məzralarını suyun altında qalan ərazidə yerləşdirməz. Əgər hardasa şəhid məzarları olan əraziyə su dolubsa, bu, ərazinin seçilməsində baş verə biləcək belə hadisəni əvvəlcədən nəzərə alınmamasından irəli gələ bilər. Əgər kiminsə diqqətsizliyindən bu baş veribsə, şəhid ailələrinin dövlətdən narazılığı kimi sosial şəbəkələrdə ictimailəşdirməyi düzgün hesab etmirəm. Hardasa bir dövlət məmuru məzar yerinin seçimində diqqətsizlik edibsə və ya onun təfəkkürü məzar yerinin seçimində səhvə yol veribsə, onun səhvini düzəltmək olar. Əgər şəhidin dəfn edildiyi yerdən onun valideynlərinin narazılığı varsa, müvafiq icra hakimiyyəti orqanına müraciət etməklə məzarın yerini dəyişmək mümkündür”.

Millət vəkili dövlətin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə xüsusi diqqətlə yanaşdığını bildirib:

“Ölkə başçımızın sərəncamları ilə şəhid ailələrinə verilən müavinətlər 300 manatdan 500 manata artırılıb, şəhid ailələrinə və Qarabağ müharibəsi  əlillərinə mənzillərin verilməsi ilə əlaqədar prezidentin sərəncamına uyğun xüsusi proqram icra olunur və 2025-ci ilə qədər ehtiyacı olan bütün ailələrin mənzillə təmin edilməsi nəzərdə tutulub”.

Mahir Xəttab \ Redaktor.az