İntihar xəbərlərinə mediada QADAĞA... - KİMDƏN, NƏYİ GİZLƏDİRİK?

 11:39 01.02.2021     822

Son günlər intihar hadisələrinin sayında artım var. Bəzi şəxslər intihar hadisələrinin KİV-də yayılmasının belə hadisələrin sayının artırdığını, bu səbəbdən də intihar xəbərlərinin mediada qadağan olunmasını bildirirlər.

Bəs mediada intihar hadisələrinin yayımına qadağanın qoyulması çıxış yoludurmu?

Redaktor.az bəzi tanınmış jurnalistlərin bu məsələyə münasibətini öyrənib:

APA TV-nin baş redaktoru Cavid İsmayıl: Belə xəbərlərin mediada yayılmasının intiharları artırdığını düşünmürəm. İllərdir bu barədə müzakirələr gedir, hələ də ortaq məxrəcə gələ bilməmişik. Ümumiyyətlə, bizdə hər şeyə görə medianı günahkar çıxarmaq ən yaxşı çıxış yolu sayılır. Diqqətlə fikir verdikdə, görürük ki, Azərbaycanda intihar hadisələri, adətən, bir müddət intensiv olub, dayanır. Bu da yəqin ki, cəmiyyətin həmin vaxtdakı psixoloji vəziyyəti ilə bağlı olur.

"Qaynarinfo.az" saytının baş redaktoru Zahir Əzəmət: Hər şeyi qadağalarla həll etməyə çalışsaq, normal cəmiyyət qurmaq alınmayacaq. Fərdlər və toplum özü də bəzi məsuliyyətləri paylaşmalıdır.

İntihar, insest hadisələrin mediada işıqlandırılmasına gəlincə, biz hələ illər əvvəl bu kimi hadisələri tirajlamamaq qərarı verdik. Bu qərarı özümüz verdik. Səbəbini də izah edim - Kitab oxumayan bir toplumda bu kimi xəbərlər şüuraltı davranış qəlibləri formalaşdırır. Nəticədə emosional halda, affekt vəziyyətlərdə hipnozda olduğu kimi eyni hərəkətləri təkrarlayır. Bir növ hələ bizim insanların əksəriyyətini şüuru deyil, şüuraltısı idarə edir.

Baxın, məsələn, Yasamalda hətta eyni banın damından nə qədər insan özünü atıb intihar edib. Körpüyə çıxanları demirəm hələ. Bir sözlə, media da toplum qarşısında bir məsuliyyət daşımalıdır. Amma qadağalar həll yolu deyil.

Tanınmış jurnalist Ləman Ələşrəfqızı: İntihar xəbərlərinə qadağa qoymaqdansa, cəmiyyəti intihara sürükləyən problemləri aradan qaldırmaq lazımdır.

Psixoloq Ramil Nəcəfli: İntihar hadisələrinin insanları pis yonləndirməsini birmənalı hökm eləmək olmaz. İnformasiya əsrində yaşayırıq. Bunun qarşısını almaq olmayacaq.Mediada belə məlumatların dərc olunmasını qadağan etməkdənsə, cəmiyyət olaraq insanlar arasında münasibət uçurumunun qarşısını alaq. 

Dərc olunmayan intihar hadisələri də var. Məsələn, bundan mən xəbər tuturam, amma minlərlə insan yox.

Əgər intiharın motivi hansısa intihar günü, intihar ocağı, intihar məkanı, intihar cəmiyyəti ilə bağlı olsa, bəli, bu kimi xəbər və informasiyalar mediada yayılmalı deyil.

Ancaq bilirik ki, bizdəki intiharlar bu qəbildən olan sekta intiharları, intihar günləri deyil. Bu intiharların motivi əsasən özünü öldürmə həddinə çatdırma, depressiyalar və intihar edənin öz nifrət etdiyi yaxınlarını cəzalandırmasıdır. 

Mahir Xəttab \ Redaktor.az