Koronavirusun digər FƏSADLARI - Piylənmə, təzyiq və... / HƏKİM RƏYİ
Koronavirusun kütləvi yayılması sərt karantin rejiminin uzanması ilə nəticələndi. Bu hal həyatımızda bir çox problem yaratdı. Stress faktorunun çoxalması, yuxu rejiminin pozulması, oturaq həyat tərzi, qeyri-sağlam qidalardan istifadə və gecə saatlarında qidalanma böyükdən kiçiyə hamıda artıq çəki problemi də yaratdı.
Bu haqda Redaktor.az-a açıqlama verən sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova COVID-19-dan qorunmaq üçün görülən bəzi tədbirlərin digər xəstəliklərin yaranmasına səbəb olduğunu qeyd edib.
O bildirib ki, bu hal davam edərsə, yaxın 10 il ərzində dünya əhalisinin yarıdan çoxu piylənmədən əziyyət çəkəcək:
“Piylənmə nəticəsində daxili orqanların funksiyaları pozulur, bu da digər təhlükəli xəstəliklərin yaranmasına səbəb olur. Həmin xəstəliklərə nümunə kimi ilk növbədə şəkərli diabeti, yüksək təzyiqi, xolesterin, sonsuzluğu, daha sonra qaraciyər və öd kisəsinin funksiyalarının pozulmasını, ən təhlükəli olan xərçəngi göstərmək olar. İnsanların gündəlik rejimlərinin dəyişməsi, daha çox evdə vaxt keçirmələri, qidanın günün istənilən saatında əl çatanlığı psixoloji cəhətdən də mənfi təsirlərini göstərir. İnsanlar depressiyaya qapılırlar və daha çox yemək yeyirlər. Sağlam qalmaq, xəstəliklərdən uzaq olmaq üçün həyat tərzimizdə ciddi dəyişikliklər etməliyik. Gündəlik yediyimiz qidaları, fiziki aktivliyi həftəlik menyu şəklində hazırlamalı, bölgülər aparmalıyıq. Məsələn, səhərlər 40 dəqiqə havada gəzmək orqanizm üçün xeyli faydalıdır.
Qidalanmada gündəlik sərf olunan enerji ilə qəbul edilən qidaları balanslı şəkildə qəbul etmək lazımdır. Artıq qəbul edilən qida enerji ilə sərf olunmadıqda, piylənməyə səbəb olacaq. Daha çox tez həzm olunan, azyağlı qidalar qəbul etmək vacibdir. Mütləq yuxu rejimi nəzarətdə saxlanılmalıdır. Yuxu rejimi dedikdə, bir çox insanlar gündə 7-8 saat yatmağın faydalı olduğunu bilir, amma bu müddətin hansı aralıqda vacib olduğuna diqqət etmir. Əgər sağlam yuxudan danışırıqsa, 23:30-dan gec oyaq qalmamalıyıq. Səhər saat 7-8-ə qədər yatmaq sağlam yuxu hesab olunur. Bir çox sevilən qidalar var ki, bu qidalar əslində ən zərərli qidalardır. Nümunə olaraq müxtəlif şirniyyatlar və un məmulatlarının adını çəkə bilərəm. Bu qidalar sevilsə də, ən gec həzm olunur və piylənməni sürətləndirir.
Sevdiyimiz şirniyyatları zövqlərə uyğun olaraq çərəzlərdən, quru və təzə meyvələrdən, yulafdan, toxumlardan, müxtəlif növ ədviyyatlardan istifadə edərək faydalı şəkildə hazırlaya bilərik”.
M.Hüseynova koronavirusun orqanizmdə bir çox xəstəliklərin yaranmasına səbəb olmaması üçün həyat tərzində dəyişikliklərin edilməsinin vacibliyini vurğulayıb:
“Ən azından gündəlik yediyimiz qidaların həftəlik menyu şəklində hazırlamasaq, sadaladığım xəstəliklərdən yan keçmək mümkün olmayacaq. Orqanizmimiz standart çalışma mexanizminə malikdir. İstənilən yanlış davranış sağlamlığın pozulmasına xidmət edir”.
Nərmin Məcidli / Redaktor.az












