BNA avtobusların sayını artırıb - BƏS NİYƏ SIXLIQ VAR?

 12:15 11.02.2021     1893

Redaktor.az saytı Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti ilə bağlı sorğu keçirib. Sorğunun nəticələrinə əsasən  bir qrup insan qurumun fəaliyyətindən razı qalsa da, narazı qalanlarda az olmayıb.

No description available.

Sorğunun nəticələri ilə bağlı danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, şəhərimiz üçün yenilik hesab olunan nəqliyyat sahəsindəki dəyişikliklər ilk vaxtlarda birmənalı qarşılanmayıb:

“Nəqliyyatda olan hər bir kiçik dəyişiklik birbaşa insanların davranışlarına təsir edir. Nəzərə alsaq ki, şəhərimiz üçün yenilik olan istənilən bir dəyişiklik illərlə dəyişməyib, ilk vaxtlarda insanlarda müəyyən qədər narazılıqların olması təbii qarşılanmalıdır. Lakin zaman keçdikcə insanlar bu dəyişikliyin faydasını hiss edir və münasibətlərini müsbətə doğru dəyişirlər. Maarifləndirmə işləri də düzgün qurulmalıdır ki, insanlara davamlı olaraq icra olunan hər layihənin faydası izah oluna bilsin. Məsələn, "BakuBus" avtobusları ilk xəttə çıxan zaman sərnişinlərdən xahiş olunurdu ki, ön qapıdan salona daxil olub, orta və arxa qapıdan düşülsün. Müəyyən qədər narazılıqlar yarandı. Amma hazırda bu mövzuda hər hansı bir narazılıq yoxdur, bütün avtobuslarda belə qaydanın olması istənilir.

Bəzi küçə və prospeklərdə avtobus zolaqları təşkil edilib. Artıq bunun müsbət təsirləri hiss olunur. Əvvəl avtobuslar bu yolu ən azı 20 dəqiqəyə  qət edirdilərsə, bu gün 10 dəqiqəyə küçəni keçib gedə bilirlər. Bu zolaqları təşkil etdiyimiz üçün bizdən narazı olanlar  az deyildi. O zolaqlara görə 120 minə yaxın sərnişinin rahatlığı təmin olunub”.

M.Ağayevin sözlərinə görə, nəqliyyat vasitələrinin sayı xeyli artırılıb:

“Bütün xidmət və iş sahələrinin fəaliyyəti də bərpa olunduğu üçün pik saatlarda sıxlıq olur. Bunu nəzərə alaraq xətlərə əlavə avtobuslar cəlb olunur. Pandemiyadan əvvəlki rejimlə müqayisədə xətlərə 20-25% artıq avtobus çıxarılır. Bəzən elə olur qarajlarda bir dənə də avtobus qalmır,  hamısı daşımalara cəlb olunur. Təəssüflə bildirməliyəm ki, bu gün baş verən yol-nəqliyyat hadisələri, nasazlıq səbəbindən avtomobilin yolun hərəkət hissəsində dayanması sıxlıq və tıxac hallarını daha da artırır. Gecikmələr olur və nəticədə sərnişinlərimiz əziyyət çəkirlər”.

Nərmin Məcidli / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən