Azərbaycanda işığın qiyməti bahalaşıb? - 1 MANAT MÜƏMMASI...
Dünən “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva “Xəzər” televiziyasının “Birinci studiya” verilişində ödəmə terminallarında “Azərişıq”ın qeyri-əhali ödənişlərində müştərilərdən 1 AZN borcdan əlavə tutulacağını bildirib.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu addım səlahiyyətlərin aşılmasıdır və qanuna ziddir:
“Hələ ki, bu ödəniş qeyri-əhaliyə, kommersiya müəssisələrinə, VÖEN-lə çalışanlara, şirkətlərə aiddir. Lakin ölkədə əlavə ödənişlər, kommersiya müəsissəsi olan “Milliön” və ya dövlət müəsissəsi olan “Azərişıq” tərəfindən qəbul edilə bilməz. Rüsumlarla bağlı qərarı Nazirlər Kabineti, Tarif Şurası qalıcı tariflərlə bağlı isə Milli Məclis qərar verir”.
Ekspert qeyd edib ki, məsələ etirazla qarşılanmasa, gələcəkdə əhali qrupu da əlavə edilə bilər, həmçinin digər qurumlar “Azərsu”, “Azəriqaz” buna bənzər qərarlar verə bilər:
“Bu səbəbdən, razılaşan hər iki qurum səbəblərlə bağlı, qanuna zidd olub-olmaması ilə bağlı açıqlama verməlidir. "Milliön" ödənişlər üçün göstərdiyi xidmətə görə müqavilələr əsasında qurumlardan ödənişlər tutur. Belə çıxır ki, ya “Azərişıq” əlavə ödəniş etməkdən imtina edib, bunu əhalidən çıxırlar, ya da ödənişlər tətbiq edərək yeni situasiya yaradırlar”.
Qeyd edək ki, məsələ ilə bağlı "Azərişıq" açıqlama yayıb. Sözügedən açıqlamada qeyd edilir:
"Təəssüf ki, bəzi media qurumları ödəmə terminalının nümayəndəsinin sözlərini “Azərişıq” adından təqdim etməklə abunəçilər arasında çaşqınlıq yaradıb. İstehlakçılara təqdim edilmiş bildiriş və hesab fakturadakı məbləğlərdən əlavə hər hansı məbləğ tələb olunmur. Əhali istehlakçıları tərəfindən nəğd ödəmələrə görə aparılan əməliyyatların xərci isə “Azərişıq” ödəyir. Yəni əhali abunəçilərimizdən ödəmə terminalı ümumiyyətlə hər hansı bir əlavə xidmət haqqı ala bilməz.
Bir daha bildiririk ki, Qeyri-əhali (kommersiya müəssisələri və s.) istehlakçıları tərəfindən ödəmə terminallarına nəğd ödəniş zamanı xidmət haqqı tətbiq olunmasının “Azərişıq” ilə heç bir əlaqəsi yoxdur. Əksər qeyri-əhali (kommersiya müəssisələri və s.) istehlakçıları tərəfindən istifadə etdikləri enerji haqqlarına görə ödənişləri banklar vasitəsi ilə köçürmə yolu ilə aparılır, nəğd ödənişlər zamanı isə ödəniş operatorları üzrə seçimi abonent özü müəyyən edir".
Nərmin Məcidli / Redaktor.az












