Yol polisi hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT ETDİ - DİQQƏT!

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.
İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Redaktor.az saytına açıqlamasında bildirib ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq hərəkət iştirakçılarının, xüsusi ilə sürücülərə hazırlıqlı olmalarını tövsiyyə edib:
“Yollarda buz, duman, çiskin və sürüşmə ehtimalı varsa, şəxsi avtomobillərdən bacardıqca az istifadə edilməlidir. İctimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməlidir. Peşəkar sürücülər artıq bilirlər ki, belə hava şəraitində sürət həddi minimuma enməlidir, ara məsafəsi normadan artıq saxlanılmalıdır, nəqliyyat vasitəsinin dayandırılması, park edilməsi sürət qutusunun hesabına aparılmalıdır. Hər bir sürücü idarə etdiyi nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarının və işıq cihazlarının təmiz saxlanılmasına diqqət yetirməlidir. Bəzən sürücülərimiz havanın şaxtalı olduğunu dilə gətirməklə məsuliyyətdən qaçmağa çalışırlar ki, bu da yolverilməzdir. Yol-nəqliyyat hadisələri qeydə alınarkən sürücülər yol şəraitini dilə gətirir, amma onlar bilməlidirlər ki, sürücü nəqliyyat vasitəsini elə idarə etməlidir ki, hərəkət istiqamətində hər hansı bir maniyyə varsa, onunla toqquşmanın qarşısını öncədən alına bilsin. Yəni əyləc sistemindən sürüşkən hava şəraitində istifadə etmək sürüşmə ehtimalı yaradır. Tövsiyyə edirik ki, sükan arxasında olan şəxslər diqqətli olsun, yol boyu qoyulmuş tənzimləyici tələbləri yerinə yetirsinlər.”
Aysel Hacıyeva / Redaktor.az