Azərbaycan və Qazaxıstan tələbələri ilə onlayn görüş keçirilib

 19:18 22.02.2021     339

Bu gün “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” təşkilatı (Caspian Envıronmental Protectıon Initiatıve - CEPI) gənc nəslə ətraf mühitin mühafizəsi istiqamətində müasir təcrübələrin aşılanması məqsədi ilə Azərbaycan və Qazaxıstanın qabaqcıl ali təhsil müəssisələrinin 250 nəfərə yaxın müəllim və tələbə heyəti ilə onlayn görüş keçirib.

Redaktor.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Bildirilib ki, görüşdə Atırau Neft və Qaz Universitetinin, Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin, Qazax-Britiş Texniki Universitetinin, SOCAR-ın Bakı Ali Neft Məktəbinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və ADA Universitetinin rəhbərləri və müəllim-tələbə heyəti iştirak edib.

Görüşdə giriş sözü ilə CEPI-nin İcra Komitəsinin sədri, SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə çıxış edib. “Equinor”, “Total” və “KazMunayGaz” şirkətlərinin aparıcı ekspertləri təqdimatla çıxış edərək, tələbələrə aparıcı neft-qaz şirkətləri tərəfindən ətraf mühitin mühafizəsi, xüsusilə iqlim dəyişmələrinə təsirin azaldılması istiqamətində tətbiq olunan texnologiyalar haqqında məlumat vermiş, uğurlu layihələrin nəticələrini misal göstəriblər.

Görüşdə həmçinin SEPİ İcra Komitəsinin üzvi, Equinor “Absheron A.S.” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Favad Qureyşi və BMT-nin İnkişaf Proqramının ölkə üzrə rezident nümayəndəsi Alessandro Frakassetti iştirak edib.

Xatırladaq ki, “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” (Caspian Envıronmental Protectıon Initiatıve - CEPI) 14 sentyabr 2020-ci il tarixində yaradılıb. Xəzər regionunda fəaliyyət göstərən neft və qaz şirkətlərinin ətraf mühitin mühafizəsi sahəsində yaratdığı ilk ictimai təşəbbüs olan CEPİ-nin məqsədi atmosferə atılan karbon tullantılarının sıfıra endirilməsi hədəflərinin iqtisadi mümkün şərtlərlə dəstəklənməsi, Xəzər bölgəsində neft və qaz fəaliyyəti sahəsində ekoloji dayanıqlığın təşviq edilməsidir.