“İrəli”də məşhur fotojurnalist Reza Deqati ilə görüş - FOTO

“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “National Geographic” jurnalının tanınmış fotojurnalisti, Fransada yaşayan dünya şöhrətli azərbaycanlı Reza Deqatinin (Reza Deghati) iştirak etdiyi 26 fevral Xocalı Soyqırımına həsr edilmiş “Onun gözündən Azərbaycan” adlı tədbir baş tutub.
Redaktor.az xəbər verir ki, Birinci Qarabağ müharibəsi zamanı informasiya blokadasının yarılmasında xüsusi xidmətləri olan fotojurnalist Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri öz fotoları ilə beynəlxalq ictimaiyyətə çatdıraraq, yaşanmış hadisələri, xalqımızın çəkdiyi ağrı-acını öz əsərlərində canlandırmağa müvəffəq olub. Məşhur fotoqraf “İrəli” gəncləri ilə görüşündə həm Birinci Qarabağ, həm də Vətən müharibəsində çəkdiyi fotoşəkilləri, onların hekayələrini və eyni zamanda Xocalı faciəsinin baş verdiyi günlərdə şahidi olduğu dəhşətli mənzərələri gənclərlə bölüşüb.
Reza Diqqəti çıxışında gəncləri əsas tutaraq bildirib ki, gələcək, xəyallarının gözəlliyinə inananlara aiddir. Azərbaycan gəncləri daim vətəninin gələcəyini düşünərək öz üzərlərində çalışmalı və beynəlxalq arenada ölkəni yalnız və yalnız layiqli şəkildə uğurla təmsil etməlidirlər.
Fotoqrafın Azərbaycan haqqında iki kitabı çap olunub. Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi və Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan kitablardan biri Qarabağ müharibəsi, məcburi köçkünlər, Xocalı soyqırımı, digəri isə Azərbaycan mədəniyyəti, təbiəti ilə bağlıdır.
100-ə yaxın gəncin iştirak etdiyi “Onun gözündən Azərbaycan” adlı tədbir “Zoom” platforması üzərindən onlayn formatda həyata keçirilib.
Bildirək ki, 26 fevral tarixində “İrəli” İB öz üzvləri ilə birlikdə Xocalı Soyqırımı qurbanlarının xatirəsini anmaq məqsədilə Xocalı abidəsini ziyarət edəcək.
“İrəli” tərəfindən isə Xocalı hadisələrini özündə əks etdirən xüsusi video hazırlanacaq.




