Azərbaycanda toylara icazə veriləcək? - VACİB AÇIQLAMA

 13:32 05.03.2021     1760

Son həftələr koronavirusa yoluxma sayında tənzimlənən volatilliyin müşahidə edilməsi epidomoloji qaydaların icrasına nəzarəti gücləndirməklə yanaşı, digər sektorlarda da iqtisadi fəaliyyətin bərpasını gündəmə gətirir.

Redaktor.az-ın məlumatına görə, millət vəkili Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında yazıb. O, xüsusən də idman zallarının yeni qaydalar çərçivəsində fəaliyyətinin bərpası məqsədə uyğun olduğunu bildirib.

“Toy mərasimlərin bərpası ilə bağlı uzun müddət müzakirələrin aparılmasına baxmayaraq, bu sferada hələ də açılıma gedilmir. Daha yaxşı olardı ki, standartlar ilə bu sahədə də aktivlik bərpa edilsin. Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır. Ümumilikdə ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, iqtisadi açılım məşğulluq baxımdan da vacib hesab olunur.

Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi, onlara nəzarət və əməl edilməsi də vacibdir. Buna görə də, iqtisadiyyatın digər sektorlarının yenidən açılımı kontekstində həm qaydalara nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməsinə ehtiyac var. Yalnız bu halda, həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür".

Aysel Hacıyeva / Redaktor.az